Bu həftə ABŞ Donald Trampın ikinci müddəti ərzində ilk dəfə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi.
Qaynarinfo xəbər verir ki, bu, "Bloomberg”in öz mənbələrinə istinadən
yazdığına görə, Ağ Evdə Kreml ilə danışıqlara artıq xüsusi elçi Stiven Uitkof deyil, dövlət katibi Marko Rubio cavabdeh olduğuna görə baş verib.
Nəşr qeyd edir ki, 2025-ci il ərzində Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ideyasına müqavimət göstərirdi, çünki Ukraynada müharibənin başa çatdırılması ilə bağlı Putinlə diplomatik razılığın mümkünlüyünə inanırdı. ABŞ prezidentinin bu inamını onun köhnə biznes dostu, Ağ Evə gətirdiyi və Rusiya ilə danışıqları tapşırdığı Stiv Uitkof möhkəmləndirirdi.
Lakin avqustda Uitkofun səriştəsizliyi Ağ Ev ilə Kreml arasında anlaşılmazlığa gətirib çıxardı. Tramp sammiti Alyaskada təşkil etdi, çünki Uitkof onu rusların razılaşmağa hazır olduğuna inandırmışdı. Sonradan məlum oldu ki, Uitkof hər şeyi qarışdırıb və Putin sammitə ABŞ-ın Kreml planına – Ukraynanın təslim olması barədə planına – razılıq verdiyinə əmin olaraq gəlmişdi.
Beləliklə, bu dəfə Tramp Putinlə Budapeştdə yeni sammit barədə razılaşanda, görüşün təşkilini artıq Uitkofa yox, təcrübəli siyasi fiqur olan dövlət katibi Marko Rubiaya tapşırdılar. Ona Rusiya xarici işlər naziri Sergey Lavrovla bircə söhbət kifayət etdi ki, Rusiya mövqelərinin Alyaskadakı vaxtdan dəyişmədiyini anlasın.
"Bloomberg”in Kremlin mövqeyi ilə tanış olan mənbəsinin bildirdiyinə görə, ötən həftə Putinlə Trampın telefon danışığından sonra Moskvada ABŞ prezidentinin Rusiyanın Donbasın qalan hissəsini əldə etməsi tələbinə cavab olaraq Moskvanın cüzi ərazi güzəştlərini qəbul etməyə hazır olduğuna inanırdılar. Lakin ertəsi gün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Tramp cəbhə xətti boyunca atəşkəs istədiyini bəyan etdi. Lavrov Rubiaya bu mövqenin qəbuledilməzliyini izah etməyə çalışdı və bu, Budapeşt sammitinin pozulmasına səbəb olub.
"Keçən dəfə ABŞ-ın Rusiyanın tərəfdən heç bir elastiklik olmadığını anlamaq üçün Alyaskada görüş keçirməsi lazım gəldi. Bu dəfə isə bu anlama görüşdən əvvəl baş verdi ki, bu da yaxşı addımdır”, deyə ABŞ-ın analitik mərkəzi "Beynəlxalq Münasibətlər Şurası”nın baş elmi əməkdaşı Liana Fiks bildirib.
Rubio ilə Lavrovun söhbətindən cəmi iki gün sonra ABŞ Rusiyanın ən iri neft istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi və dövlət neft nəhəngi "Rosneft” ilə "Lukoyl”u "qara siyahı”ya salıb.
"Hər dəfə Vladimir Putinlə danışanda söhbətlərimiz yaxşı keçir, amma sonra sadəcə heç yerə çıxmır”, deyə Tramp çərşənbə günü sanksiyaların elanından sonra OVAL kabinetdə jurnalistlərə bildirib.
Qeyd edək ki, dünən Kremlin xüsusi elçisi Kiril Dmitriyev rəsmi danışıqlar üçün qəfil ABŞ-a gəlib. Bu, ABŞ-ın yeni sanksiyaları elan etməsindən cəmi iki gün sonra baş verib və Putin onların əhəmiyyətini ictimai şəkildə kiçiltməyə çalışıb.
Bundan başqa, bildirilir ki, Tramp İtaliyanın baş naziri Corcia Meloniyə təzyiq göstərərək Romanı Ukrayna üçün yeni silah alışı proqramına qoşulmağa məcbur etməyə çalışır.
Alpər
Şərhlər