Xəbər lenti

Tramp Vensin dostu və sinif yoldaşını xüsusi nümayəndə təyin etdi -
Dünya 12:41 22.11.2025

Tramp Vensin dostu və sinif yoldaşını xüsusi nümayəndə təyin etdi - "The Guardian"

ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin dayandırılması üçün "aqressiv qrafikə” əməl edir və Kiyevə misilsiz təzyiq göstərmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bunu "The Guardian” ABŞ rəsmilərinə istinadən yazır

Amerika rəsmilərindən biri, Kiyev planı imzalamasa, ABŞ-ın kəşfiyyat məlumatlarının mübadiləsini və ya maddi-texniki dəstəyi dayandıra biləcəyi barədə suala cavab verərək bildirib:

"Ukraynalılara açıq şəkildə başa salınıb ki, ABŞ onlardan sülh planını qəbul etmələrini gözləyir. Hər hansı dəyişikliklər birbaşa prezidentin özü tərəfindən həll olunacaq".

Ağ Evdə çıxışı zamanı Tramp bildirib ki, Vladimir Putinlə yaxşı münasibətlərini nəzərə alaraq müharibənin daha tez bitəcəyini gözləyirmiş. O əlavə edib: "Tanqo üçün iki nəfər lazımdır".

Zelenski ilə bağlı isə Ağ Ev rəhbəri belə deyib: "Bu, onun xoşuna gəlməlidir, əgər xoşuna gəlməsə, bilirsinizmi, onlara sadəcə döyüşməyə davam etmək qalır… Bir anda o, nə iləsə barışmağa məcbur olacaq".

Öz növbəsində Zelenski bildirib ki, Vaşinqtonla plan üzərində sakit və konstruktiv şəkildə işləyəcək, alternativlər təklif edəcək. 

Nəşr qeyd edib ki, Kiyevdə ABŞ-ın yüksək vəzifəli hərbi rəsmilərindən ibarət nümayəndə heyəti olub. Heyətə quru qoşunları naziri Den Driskol başçılıq edib və Zelenski ilə danışıqlar aparıb.

Nəşr yazır ki, Tramp Driskolu - Vensin dostu və keçmiş sinif yoldaşını - özünün yeni xüsusi nümayəndəsi təyin edib. ABŞ mənbələrinə görə, amerikalı generallardan ibarət qrup gələn həftənin sonunda Moskvaya uçaraq Kreml ilə "sülh planı"nı müzakirə edəcək.

Kremlə yaxın şəxslərdən biri bildirib ki, baxmayaraq ki, Putinin "sülh planı"nın ümumi konturları xoşuna gəlib, ancaq o yenə də Kremlə məxsus digər tələblərə cavab vermir. Bu tələblərə NATO-nun şərqə doğru genişlənməməsinə dair hüquqi cəhətdən məcburi zəmanət və Ukraynanın Konstitusiyasında neytral statusun təsbit edilməsi daxildir.

Avropa İttifaqına potensial üzvlüklə bağlı mənbə bildirib ki, Moskva bunu yalnız hərbi komponent istisna edildiyi halda nəzərdən keçirəcək və Avstriya modelinin neytrallığını misal gətirib.

Nəşr həmçinin yazır ki, Ukrayna cəmiyyətinin yeni "sülh planı"na reaksiyası olduqca mənfi olub. İnsanlar bu planı fərqli şəkildə rədd edir, onu birtərəfli və Ukraynanın şərtsiz kapitulyasiyasına bərabər hesab edirdilər.

Plan yüksək vəzifəli Avropa ekspertlərində də rəğbət doğurmayıb. Brukinqs İnstitutundan Konstanse Şteltsenmüller layihəni "dəhşətli”, məzmununu isə "təxribatçı” adlandırıb.

Onun sözlərinə görə, plan qəbul olunsa, Rusiya "Avropada əsas yırtıcıya” çevriləcək. "Bu, əslində diplomatiyanın tam şəkildə anneksiyasıdır”, deyə o, X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, yeni plan Putin emissarı Kiril Dmitriyev və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən Mayamidə keçirilən görüşdə hazırlanıb. Avropa və Ukrayna müzakirələrdən kənarda saxlanılıb.

Uitkoffun müəllifi olduğu Ukrayna üzrə yeni "sülh planı” Avropalılara böyük zərbə olub - onlar Trampın artıq Putinə etibar etməyin mümkün olmadığını başa düşdüyünü fikirləşirmişlər.

Yüksək vəzifəli Avropa rəsmisi bildirib ki, bu sadəcə "Putini razı salmaq üçün bəndlər siyahısıdır” və bunun çox pis plan olduğunu vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->