"Bu açıqlama Rusiyaya təzyiq anlamına gəlir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın Ukraynaya "Tomahawk" raketlərinin verilib-verilməyəcəyilə bağlı suala cavabını şərh edərkən deyib.
"Bildiyiniz kimi, prosesin sülh relsinə keçirilməsi üçün paralel olaraq Rusiya ilə danışıqlar gedir. Hələlik Kiyev danışıqlara razılıq versə də, Putin bundan yayınır", deyə Mehman Əliyev bildirib.
Ekspertin fikrincə, Tramp da belə bir açıqlaması ilə Kremlə xəbərdarlıq edir ki, ya sülh yolu ilə gedərək razılığa gəlirik, ya da Ukraynaya hərbi dəstək verməyə məcbur olacaqlar:
"Ona görə də "Tomahawk" və başqa silahların verilməsi gündəmə gətirilir. Bununla yanaşı Rusiyaya da mesaj verilir ki, bir araya gəlinməsə, bu baş verəcək. Bu da onu göstərir ki, hələlik Rusiya ilə danışıqlar gedir, Moskva hələlik qapıları qapatmayıb, yəni proses gedir".
Qeyd edək ki, son günlər Vaşinqtonun Ukraynaya "Tomaqavk” raketlərini verəcəyi məsələsi gündəmə gətirilib. Lakin hələlik bu barədə rəsmi açıqlamalar verilməyib. Hətta ABŞ prezidenti Donald Tramp jurnalistlərin bu barədə sualına konkret cavab verməyib. Sadəcə, deyib ki, o, Ukraynaya uzaqmənzilli "Tomaqavk" qanadlı raketləri verib-verməməsi ilə bağlı praktiki olaraq qərar qəbul edib.
Mətbuat mənsublarından biri Trampdan ABŞ-ın bu raketləri Ukraynaya tədarük edəcəyini, yoxsa daha sonra Ukraynaya ötürmək variantı ilə NATO-ya satacağını soruşub. Cavabında prezident deyib ki, o, demək olar ki, qərar qəbul edib.
"Ukraynalıların onlarla nə edəcəyini bilmək istəyirəm. Onları hara göndərəcəklər? Güman edirəm ki, bunu soruşmalıyam... Müəyyən suallar verərdim. Bu müharibəni qızışdırmaq fikrində deyiləm", deyə "Reuters" Trampın sözlərini sitat gətirir.
Rüfət Sultan
Şərhlər