"Trampın Ukrayna məsələsilə bağlı Zelenskiyə verdiyi təkliflər bütün beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinə ziddir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli ABŞ-ın Ukraynaya Donbası və Krımı Rusiyaya təslim etməsi təklifi, yəni beynəlxalq hüquqla təsdiqlənmiş ərazilərin təslim edilməsilə əldə olunacaq sülhə münasibət bildirərkən deyib.
"Bu, sülh yox, zorən sülhə məcbur etməkdir. Bu həmçinin, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipinə də ziddir", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimiz qeyd edir ki, bu vəziyyət Potsdam Konfransından sonra formalaşmış beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır:
"Belə çıxır ki, bir ölkə başqa ölkəyə təcavüz edib, onun ərazisinin bir hissəsini işğal edəcək, sonra da bir Tramp ortaya çıxıb sülh üçün bu işğalı təsdiqləyəcək. Təcavüzə məruz qalan ölkəni ərazi itkilərilə sülh bağlamağa məcbur etməyin özü nə geosiyasətə, nə də insanlığa uyğundur. Ukrayna ərazisinin bir hissəsi işğal olunsa da, onun işğalçıya güzəştə gedilməsi hesabına sülhün bağlanması yolverilməzdir. Bununla son nəticədə Ukraynanı uduzmuş vəziyyətə gətirib çıxarmağa çalışırlar. Ukrayna buna razı olmayacaq".
Ekspertin fikrincə, proses dünyanın ABŞ-la Rusiya arasında bölüşdürülməsinə doğru gedir:
"Bu gün Ukraynanın bölüşdürülməsi gedir. Ondan sonra bütün dünyanın Rusiya ilə ABŞ arasında bölüşdürülməsi prosesi gedəcək. Yəqin ki, Alyaskada bu istiqamətdə ilkin söhbətlər olub".
Hüquqşünas düşünür ki, yaranmış vəziyyət gələcəkdə Rusiyanın təcavüzkar iştahını daha da artıracaq:
"Rusiya üzünü post-sovet dövlətlərinə, ya da Qafqaza, Mərkəzi Asiya regionuna çevirəcək. Rusiyaya ərazi vermək hesabına sülh lazımdırsa, daha yaxşı olar ki, vaxtilə Rusiya imperiyasına məxsus olan Alyaskanı versinlər. Tramp bəri başdan Alyaskanı Rusiyaya versin ki, onlar sakitləşsin".
Qulamhüseyn Əlibəyli bildirib ki, məsələlərə bu cür yanaşma yolverlməzdir və gələcəkdə dünya nizamının daha da pozulmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan danışıqlarda ABŞ Prezidenti Donald Tramp Kiyevə Donetsk və Luqanskla birlikdə Donbası və Krımı təslim etmək müqabilində sülh təklif edir. Hansı ki, beynəlxalq hüquq və qanunlara uyğun olaraq həmin ərazilər Ukraynaya məxsusdur. Bu və ya digər ərazilərin güc yolu ilə dəyişdirilməsi yolverilməzdir. Rusiya isə göründüyü kimi, məhz güc, hədə-qorxu yolu ilə hərəkət etməklə beynəlxalq hüquq normalarını tapdalayır. Prosesin gedişi belə deməyə əsas verir ki, Ukraynada sülhə də məhz işğal edilmiş torpaqları beynəlxalq hüquqa zidd olaraq işğalçıya peşkəş etməklə nail olmaq istəyirlər.
Rüfət Sultan
Şərhlər