Xəbər lenti

İran-Ermənistan münasiəbtləri: Paşinyan nə etmək istəyir? (ŞƏRH)
Dünya 18:30 19.08.2025

İran-Ermənistan münasiəbtləri: Paşinyan nə etmək istəyir? (ŞƏRH)

"Ermənistan rəhbərliyinin həm İran, həm Qərb, həm də Rusiya arasında tarazlıq axtarmağa çalışdığı görüntüsü yaransa da, dominant istiqamətin Qərbə inteqrasiya, xüsusilə də ABŞ maraqlarına uyğun xətt olduğu aydın görünür".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İrəvana səfərə gələn İran prezidenti Məsud Pezeşkianın Vaşinqtonda Zəngəzur dəhlizi üçün imzalanan sazişlə bağlı səsləndirdiyi mənfi münasibəti şərh edərkən deyib.

Konfliktoloq bildirir ki, Ermənistanın xarici siyasəti artıq regional maraqların kəsişmə nöqtəsinə çevrilib və Nikol Paşinyanın hər addımı diqqətlə izlənilir:

"Maraqlı məqamlardan biri odur ki, Paşinyan ABŞ-da Trampla görüşdən qayıtdıqdan dərhal sonra bölgənin demək olar bütün liderləri və xarici işlər nazirləri onunla telefon əlaqəsi qurmağa çalışıb.  2020-ci ildə baş vermiş müharibənin yaratdığı yeni reallıqlar da Paşinyanın siyasətində mühüm rol oynayır. Ermənistan rəhbərliyi həm İran, həm Qərb, həm də Rusiya arasında tarazlıq axtarır. Bununla belə, dominant istiqamət Qərbə inteqrasiya yoludur. Ermənistan öz gələcəyini Qərb strukturları ilə əməkdaşlıq üzərində qurmağa çalışır. Lakin bu prosesdə bölgənin digər gücləri ilə münasibətlərin tamamilə kəsilməsi də Paşinyan üçün risklidir".
 


Ekspert qeyd edir ki, Pezeşkianın İrəvanda səsləndirdiyi "Amerika şirkətlərinin bölgədə mövcudluğu Tehranın maraqlarına cavab vermir” tipli bəyanat, əslində İran baxış bucağından tamamilə başa düşüləndir:

"Çünki Tehran üçün ABŞ-ın bölgədə hərbi iştirakının artması həm ideoloji, həm siyasi, həm də strateji maraqlar baxımından qəbuledilməzdir. İran ümumiyyətlə ABŞ-la hərbi təmasların bölgədə dərinləşməsinə qarşı çıxır".

Həmsöhbətimizə görə, Pezeşkianın vurğuladığı mövqe, Ermənistanı öz tərəfinə çəkmək niyyətinin ifadəsi kimi dəyərləndirilməlidir: 

"Lakin burada diqqət çəkən məqam ondan ibarətdir ki, Paşinyan bu məsələdə çox ehtiyatlı davranır. O, bir tərəfdən ABŞ-ın maraqlarını nəzərə almağa və Qərbə inteqrasiyanı sürətləndirməyə çalışır, digər tərəfdən isə nə İranı, nə də Rusiyanı tamamilə itirmək istəyir. Bu balans siyasəti Ermənistan üçün həyati əhəmiyyət daşıyır".

Qeyd edək ki, Ermənistana səfərə gələn İran prezidenti Məsud Pezeşkian Amerikanın Cənubi Qafqaz regionunda fəaliyyətinin təxribat xarakteri daşıdığını əsas gətirərək, Zəngəzur dəhlizinə nəzarət formasında bu ölkə şirkətlərinin regionda mövcudluğundan narahatlığını ifadə edib.  Bu əsasda İran prezidenti İrəvanda danışıqlar zamanı məsələyə ciddi şəkildə baxılacağını bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->