Balıkəsirin (Türkiyə) Sindirgi rayonunda 10 avqustda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra bölgədə yer səthində hər hansı deformasiya izinə rast gəlinməyib. Lakin qeydə alınan afterşokların sayı və intensivliyi mütəxəssislər tərəfindən "adi haldan kənar" kimi qiymətləndirilir. Bu vəziyyət bölgənin seysmoloji vəziyyəti ilə bağlı yeni suallar doğurur.
Qaynarinfo xəbər verir ki, Afyon Kocatepe Universiteti Zəlzələ Tətbiq və Tədqiqat Mərkəzinin mütəxəssisləri zəlzələ sonrası Sindirgidə üç gün davam edən araşdırmalar aparıb. Mərkəzin müdiri professor İbrahim Tiryakioğlu ilkin GPS ölçmələrinin nəticələrinə əsasən, bölgədə aydın deformasiya əlamətləri görünmədiyini açıqlayıb. Onun sözlərinə görə, hələlik hansı zəlzələ xəttinin qırıldığını müəyyən etmək mümkün deyil və bu, daha genişmiqyaslı elmi işlər tələb edir.
Zəlzələdən sonra aparılan müşahidələri şərh edən professor Süleyman Pampal 6,1 maqnitudalı təkanların hər zaman səthdə qırıq yaratmadığını bildirib:
"Belə zəlzələlərdə görünən deformasiya çox vaxt müşahidə olunmur. Daha güclü, 6,5–6,8 və üzərindəki təkanlar adətən səth qırığı ilə müşayiət olunur. Lakin yenə də dəqiq nəticə üçün detallı ölçmələrə ehtiyac var".
Pampal bölgədə yalnız tanınmış aktiv xətlərin deyil, xəritələrdə hələ qeyd olunmamış "gizli xətlər"in də mövcud ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, belə zəlzələ xətləri dünyada başqa yerlərdə də gözlənilmədən dağıdıcı zəlzələlər yaradıb.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam afterşokların intensivliyidir. Pampal bildirib ki, Sindirgi və ətrafında qeydə alınan təkanlar Simav xəttinə doğru uzanan xətt boyunca baş verir və bu sahə bir neçə aktiv xəttin kəsişmə nöqtəsində yerləşir.
23 aprel tarixində İstanbulda baş verən oxşar gücdəki zəlzələdən sonra 450-dən çox afterşok qeydə alınmışdı. Balıkəsirdəki son təkanın ardından isə artıq 1500-ə yaxın afterşok yaşanıb. Pampal bu vəziyyəti "adi haldan kənar" kimi qiymətləndirərək, xüsusi araşdırma tələb etdiyini bildirib.
Professor Tiryakioğlu isə bölgədə enerji boşalmasının baş verdiyini və yeni böyük zəlzələnin ehtimalının aşağı olduğunu vurğulayıb. Bununla belə, Simav, Gelenbe və Balıkəsir zəlzələ xətti zonlarının uzun müddətdir susqun olması səbəbindən bölgənin hərtərəfli seysmoloji izlənməyə ehtiyacı olduğu qeyd olunub.
Onun sözlərinə görə, səthdə qırıq izinə rast gəlinməsə də, stasionar GPS ölçmələri ilə aparılan davamlı araşdırmalar nəticəsində zəlzələnin hansı xətt üzərində baş verdiyi daha sonra dəqiqləşdiriləcək.
Aydın
Şərhlər