"Peskovun açıqlaması heç də Zəngəzur dəhlizi məsələsində Moskvanın geri çəkilməsi anlamına gəlmir. Rusiya bu məsələyə "olmazsa-olmaz" prinsipilə yanaşır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Zəngəzur dəhlizilə bağlı Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun verdiyi bəyanatı şərh edərkən deyib:
"Zəngəzur dəhlizi ətrafında geosiyasi güclərin maraqlarının toqquşmasının şahidiyik. Bölgəmiz həmişə geosiyasi maraqların toqquşma nöqtəsi olub. Bu dəhliz ətrafında ABŞ, Avropa İttifaqı, Rusiya və İranın bir-birinə zidd mövqeləri mövcuddur. Şübhəsiz ki, Zəngəzur dəhlizi Azərbaycanla Ermənistana aid məsələdir. Dəhlizlə bağlı danışmaq səlahiyyəti Bakı ilə İrəvandan asılıdır. Bu baxımdan, dəhlizlə bağlı Peskovun son yanaşması təbii və başa düşüləndir".
Ekspert qeyd edir ki, ancaq Peskov bunu heç də Rusiyanın buradakı marağından geri çəkiləcəyi anlamında deməyib:
"Peskovdan bir gün öncə isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın ABŞ-ın Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməsilə bağlı səslənən xəbərlərə sərt reaksiyasının şahidi oluruq. O, məlumatı ABŞ-ın regiona müdaxiləsi üçün növbəti hiyləsi kimi qiymətləndirdi. Bu da onu göstərir ki, Moskva Zəngəzur dəhlizilə bağlı təşəbbüsü heç kimə güzəştə getmək, geri çəkilmək istəmir. Kreml MDB standartları əsasında dəhlizin açılmasında israrlıdır. ABŞ-ın təşəbbüsünü hətta Aİ-də dəstəkləmir. Avropa, Fransa da bu dəhlizdən özlərinin merkantiv maraqları üçün istifadə etməkdə maraqlıdır. İran da ABŞ-ın nəzarətinə əvvəldən "yox” deyib”.
Konfliktoloq deyir ki, dəhliz ətrafında məsələdə hələlik hansısa bir konsolidasiya yoxdur:
"Hər şey Paşinyanın bu maneələri nə dərəcədə neytrallaşdıra biləcəyindən asılıdır. ABŞ-ın bu əsasda verdiyi təklif onu bir qədər də çətin vəziyyətə salıb. Bütün bunlara görə də Zəngəzur dəhlizi məsələsinin həlli prosesi olduqca ləng gedir. Məsələ ətrafında mövqe yaxınlaşmalarının nə dərəcədə olacağı isə bir qədər zaman məsələsidir”.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zəngəzur dəhlizi məsələsinə toxunarkən, onun Ermənistan və Azərbaycanın suveren məsələsi olduğunu bəyan edib:
"Zəngəzur dəhlizi ətrafında müzakirə sırf Ermənistan və Azərbaycanın suveren məsələsidir. Biz Azərbaycan və Ermənistan arasında aparılan danışıqları qətiyyətlə dəstəkləyirik".
Rüfət Sultan
Şərhlər