Xəbər lenti

Rusiya ordusu təhlükəli R-37M raketləri daşıya bilən 4++ nəsil qırıcıları aldı (VİDEO)
Video 12:59 12.05.2025

Rusiya ordusu təhlükəli R-37M raketləri daşıya bilən 4++ nəsil qırıcıları aldı (VİDEO)

"Rostex" dövlət korporasiyasına məxsus "Birləşmiş Aviasiya Korporasiyası" Rusiya ordusuna daha bir neçə Su-35S çoxməqsədli qırıcısı təhvil verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat korporasiyanın rəsmi "Telegram" kanalında yerləşdirilib.

Bəyanatda qeyd olunub ki, bu 4++ nəsil (bəzi mənbələrdə 4+ nəsil) hesab edilən təyyarələr zavod sınaqlarının tam dövrəsini keçib, müxtəlif rejimlərdə test olunub və xidmət yerinə uçuş həyata keçiriblər.

Rusiya tərəfi təyyarələrin sayını açıqlamayıb, onların bort nömrələri də videoda retuş olunub. Bununla belə, kadrlardan ən azı iki Su-35S qırıcısının verildiyi ehtimal olunur.

Bu, 2025-ci ildə Rusiya ordusuna çatdırılan ilk Su-35S-lər deyil — ilin əvvəlində də bir neçə bu tip təyyarənin cəbhəyə göndərildiyi məlum idi.

Rusiya indiyədək ümumilikdə 120-dən çox Su-35S istehsal edib. Hazırda ölkənin Hərbi-Kosmik Qüvvələrinin sərəncamında 100-dən çox belə qırıcı ola bilər.

Su-35S haqqında qısa məlumat

Su-35 – Sovet istehsalı olan Su-27-nin modernləşdirilmiş versiyasıdır. Bu qırıcı 2008-ci ildə ilk uçuşunu həyata keçirib və dördüncü nəsilə aid edilir.

Bu təyyarə beşinci nəsil Su-57 ilə müqayisədə daha köhnədir, lakin Su-57-lər hələlik çox az sayda (onlarla) istehsal olunub, o cümlədən prototiplər də daxil olmaqla. Buna görə Su-35 hazırda Rusiyanın ən müasir seriyalı qırıcısı sayılır.

Su-35-in maksimal döyüş yükü 8000 kiloqramdır. Onun silahlanmasına uzaqmənzilli "hava-hava" sinfinə aid R-37M raketləri daxildir. Bu raketlərin 200–300 km məsafədə hədəfi vurma qabiliyyəti olduğu iddia edilir.

Bununla belə, Su-35 "stealth" (radara görünməzlik) texnologiyası ilə təchiz olunmayıb, bu da onu asanca aşkarlana bilən hədəfə çevirir. Digər bir çatışmazlıq isə müasir asma nişangah konteynerinin olmamasıdır, bu da yerdəki hədəflərin effektiv aşkarlanmasına maneə yaradır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->