Almaniya hakimiyyəti Rusiya ilə sülh danışıqlarının yalnız tam atəşkəsdən sonra mümkün olduğunu bildirir.
Qaynarinfo-nun məlumatına görə, Almaniyanın Federal Kansler Aparatının rəhbəri Torsten Fray ARD telekanalına müsahibəsində qeyd edib ki, danışıqlara başlamazdan əvvəl Rusiya Ukraynaya hücumlarını dayandırmalıdır. Onun sözlərinə görə, əgər zərurət yaranarsa, Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq olunmalıdır:
"Əvvəlcə bizə atəşkəs və ona aydın şəkildə əməl olunacağına dair öhdəlik lazımdır. Hazırda biz Kiyevdə yeni bir Avropa qətiyyətinin şahidi oluruq. Bu qətiyyət öz əksini real addımlarda da tapmalıdır".
Fray həmçinin ABŞ-ın mövqeyinə toxunaraq bildirib ki, əgər Amerika prezidenti Avropa liderlərinin mövqeyindən imtina etsə, Avropa bu mövzuda danışıqları davam etdirməli olacaq.
Qeyd edək ki, bundan əvvəl Fransa, Almaniya və Polşa liderləri Ukraynanın danışıqlardan əvvəl atəşkəsin zəruriliyi ilə bağlı mövqeyini dəstəkləmişdilər. Onlar, həmçinin Rusiya 30 günlük atəşkəslə razılaşmasa, yeni sanksiyaların tətbiq olunacağını bəyan etmişdilər.
Kremlin rəhbəri Vladimir Putin isə tam atəşkəsi qəbul etmir və əvəzində danışıqların Türkiyədə bərpa olunmasını təklif edir.
ABŞ-ın prezidenti Donald Tramp isə bu təşəbbüsü "böyük bir gün" adlandıraraq Ukraynanın dərhal Rusiyayla hətta atəşkəs olmadan belə birbaşa danışıqlara başlamalı olduğunu bəyan edib. Zelenski isə öz növbəsində hətta atəşkəs olmadan belə Putinlə görüşməyə razı olduğunu bildirib.
Alpər
Şərhlər