Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən Zəngəzur dəhlizinin icrasından danışıb.
Qaynarinfo xəbərinə görə, Prezident deyib ki, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır.
"Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib”, - dövlət başçısı qeyd edib.
Şərhlər