ABŞ Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı tətbiq olunan sanksiyaların ləğv edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, qərar ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən yayımlanan yenilənmiş siyahıda əksini tapıb. Bu addım Vaşinqtonun Venesuela ilə münasibətləri yenidən qurmaq və əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir.
Sanksiyaların ləğvi ABŞ-ın Venesuelada müvəqqəti hakimiyyət kimi Rodriqes administrasiyasını tanımasının növbəti göstəricisi hesab olunur. Qərar həmçinin bu ölkənin enerji sektoruna investisiya və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirə bilər.
Rodriges sosial şəbəkə hesabında paylaşım edərək ABŞ-ın qərarını "ölkələrarası münasibətlərin normallaşması və gücləndirilməsi istiqamətində mühüm addım” kimi dəyərləndirib. O bildirib ki, bu proses gələcəkdə Venesuelaya qarşı tətbiq olunan digər sanksiyaların da aradan qaldırılmasına şərait yarada bilər.
Xatırladaq ki, Nikolas Maduro yanvar ayında ABŞ tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində saxlanıldıqdan sonra Delsi Rodriges ölkənin müvəqqəti prezidenti kimi fəaliyyətə başlayıb.
Günay
Şərhlər