Dünyanın ən çox əhalisi olan ölkəsi Hindistanda 2021-ci ildə keçirilməsi planlaşdırılan, lakin pandemiya səbəbindən təxirə salınan ümummilli əhalinin siyahıyaalınması prosesinə yenidən start verilir.
Qaynarinfo xəbər verir ki, rəsmi və qeyri-rəsmi hesablamalara görə, hazırda 1 milyard 420 milyondan çox əhalinin yaşadığı ölkədə keçiriləcək bu genişmiqyaslı proses təxminən bir il davam edəcək. Siyahıyaalınmanın həyata keçirilməsi üçün 3 milyondan artıq dövlət əməkdaşı və müvəqqəti qeydiyyatçı səfərbər olunub.
Bu isə onu dünyanın ən iri statistik tədbirlərindən birinə çevirir.
İki əsas mərhələdən ibarət olacaq siyahıyaalma bu gün başlayaraq sentyabr ayına qədər ilkin mərhələni əhatə edəcək. Birinci mərhələdə ölkə üzrə bütün yaşayış məntəqələrində ev təsərrüfatları üzrə məlumatlar toplanacaq, vətəndaşların yaşadığı mənzillərin vəziyyəti, otaq sayı, su və enerji təminatı kimi məişət şəraiti ilə bağlı göstəricilər qeydə alınacaq.
İkinci mərhələdə isə əhalinin sosial və iqtisadi xüsusiyyətləri daha detallı şəkildə araşdırılacaq. Bu çərçivədə vətəndaşların təhsil səviyyəsi, məşğulluq durumu, gəlir mənbələri, miqrasiya vəziyyəti və digər mühüm demoqrafik göstəricilər toplanacaq.
Günay
Şərhlər