Rusiya Aralıq dənizində nüfuz uğrunda ABŞ-la rəqabət şəraitində öz hərbi gəmiləri üçün Liviya limanlarına çıxış əldə etməyə çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ)
yazır.
Nəşrin yazdığına görə, Liviyanın şərqindəki limanlara uzunmüddətli hüquqları müzakirə etmək üçün müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da daxil olmaqla yüksək vəzifəli məmurlar son həftələrdə ölkənin şərqinə nəzarət edən marşal Xəlifə Haftarla görüşüblər.
Liviya rəsmilərinin sözlərinə görə, Rusiya tərəfi yanacaq doldurmaq, dəniz gəmilərini təmir etmək və təchizatı artırmaq üçün Benqazi və ya Tobruk limanlarına daxil olmaq üçün icazə istəyib. WSJ qeyd edir ki, bu iki liman artıq Rusiyanın tələblərinə cavab verə bilən infrastruktura malikdir. Bununla belə, WSJ yazır ki, Rusiyanın bu limanları inkişaf etdirmək, orada personal, döyüş sursatı və ya digər yükləri saxlamaq istəyib-istəməməsi hələ aydın deyil.
Nəşrin məlumatına görə, sentyabrın sonunda ABŞ-ın birgə diplomatik və hərbi missiyası da Liviyaya səfər edəcək və o, Xəlifə Haftardan "Vaqner” döyüşçülərinin ölkədən çıxarılmasını istəyəcək. Səfərin məqsədi ilə tanış olan mənbələrə görə, ABŞ Saheldəki iğtişaşlar fonunda bufer zona yaradacağına ümid edir. ABŞ nümayəndə heyətinin üzvləri arasında ABŞ-ın Afrika Komandanlığının rəhbəri Maykl Lenqli və ABŞ-ın Liviya üzrə xüsusi nümayəndəsi Riçard Norland da var.
WSJ yazır ki, Rusiyanın Liviya müxalifəti lideri ilə limanlara çıxışla bağlı danışıqları Moskvanın Afrikada təsirini artırmaq və Afrika ölkələrini anti-Rusiya sanksiyalarına qoşulmağa çağıran ABŞ-ı "oyundan çıxarmaq” istəyindən xəbər verir. Bundan əlavə, Rusiya hərbçiləri Yevgeni Priqojinin ölümündən sonra Afrikada yerləşən "Vaqner”nin hərbi bölmələrinə və onların aktivlərinə nəzarəti ələ keçirməyə çalışır.
WSJ qeyd edir ki, Rusiya artıq Suriyanın Tartus limanına nəzarət edir. Rusiya və Suriya 2017-ci ilin əvvəlində Tartus limanı yaxınlığında Rusiya hərbi-dəniz bazasının yerləşdirilməsi haqqında saziş imzalayıb. Sənəd Rusiya gəmilərinin 49 il müddətinə Suriya limanında olmasını nəzərdə tutur. Daha sonra, müqaviləyə əsasən, tərəflərdən biri digərinə onu ləğv etmək niyyətini bildirmədiyi təqdirdə avtomatik olaraq yenilənəcəkdir. 2017-ci ilin sonunda Rusiya Müdafiə Nazirliyi Tartus bazasının genişləndirilməsinə hər il 3,2 milyard rubl xərcləməyi planlaşdırdıqlarını bildirib.
Nizami Bağırov
Şərhlər