Xəbər lenti

Qızılgülləri məhv edən xəstəlik: Professor mübarizə yollarını açıqlayır (FOTO)
Foto 13:49 16.05.2026

Qızılgülləri məhv edən xəstəlik: Professor mübarizə yollarını açıqlayır (FOTO)

Azərbaycanda qızılgüllərdə yoluxucu göbələk xəstəliyi aşkarlanıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov məlumat verib.
 
Onun sözlərinə görə, buna səbəb son günlər bölgələrdə müşahidə olunan hava şəraitidir:

"Xüsusilə yağışlardan dərhal sonra havanın gündəlik orta temperaturunun bəzi yerlərdə 20-24°C-yə çatması, nisbi rütubətin isə 70-75 faiz təşkil etməsi bəzi mədəni və yabanı bitkilərdə, o cümlədən qızılgüllərdə unlu şeh xəstəliyinin kütləvi şəkildə yayılmasına səbəb olub. Bu xəstəlik göbələk mənşəlidir və onu Sphaerotheca pannosa f. osae fitopatogen göbələyi törədir. Bitkinin yarpaqları, zoğları və qönçələri unlu şehlə yoluxur. Yoluxmuş orqanların səthində ağ una bənzər örtük əmələ gəlir. Bu örtük xəstəliyin yayılmasında bilavasitə iştirak edən konidi və konididaşıyanlardan ibarətdir”.

Professor qeyd edib ki, xəstəliyin yayılması bəzi cırtdanboy qızılgüllərdə hələ erkən yazdan başlayır:

"Havanın gündəlik orta temperaturu 32-34°C-yə çatana qədər xəstəlik inkişaf edir. Daha yüksək temperaturda isə inkişaf dayanır. İyul-avqust aylarında xəstəlik törədicisində depressiya mərhələsi müşahidə olunur, sentyabrda havaların sərinləşməsi ilə inkişaf yenidən bərpa edilir”.

İbrahim Cəfərov xəstəliklə mübarizə tədbirlərindən də danışıb:
 
"Qızılgül bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Damcı suvarmadan istifadə olunmalı, makro və mikro gübrələr torpağın tələbatına uyğun verilməli, budama aparılmalı, plantasiyada havalanma və şehin hərəkəti təmin edilməlidir. Payızın sonunda və ya yazın əvvəlində, bitki tumurcuqları oyanmamışdan əvvəl 1-2 faizli bordo məhlulu ilə çiləmə aparılması plantasiyanı bəzi zərərverici orqanizmlərin qışlama formalarından təmizləyə bilər.Vegetasiya dövründə xəstəliyin ilkin əlamətləri göründükdə "Topaz”, "Skor”, "Bayleton”, "Tiovit Jet” preparatlarından biri ilə 12-14 günlük intervalla 2-3 dəfə çiləmə aparmaq olar. Sistem təsirli fungisidlərə qarşı yarana biləcək davamlılığın qarşısını almaq üçün kontakt ("Tiovit Jet”) və sistem ("Skor”, "Topaz”, "Bayleton”) preparatlarının növbəli şəkildə tətbiqi məqsədəuyğundur.

Ev şəraitində və ya kiçik həyətyanı sahələrdə xalq üsullarından da istifadə etmək mümkündür. Məsələn, 10-15 damcı yod bir litr südə qarışdırılır, üzərinə 9 litr su əlavə olunaraq işçi məhlul hazırlanır və bitkilərə çilənir. Bu üsulla 10 günlük intervalla 2-3 dəfə çiləmə aparmaq olar”.

Bahar Rüstəmli
--> -->