Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Hüseynov Ruhan ifədə verib.
O bildirib ki, qardaşı Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub:
"İbtidai istintaqa verdiyim ifadəni qəbul edirəm. Mən hər üç təqsirləndirilən şəxsdən şikayətçiyəm. Həbs edilmələrini məhkəmədən xahiş edirəm. Hadisəni sosial şəbəkələrdə görmüşəm. Qardaşımın məzarı yanında nalayiq hərəkətlər edirdilər. Şəhidlər hamınızın şəhididir. Kimsə gəlib Şəhidlər Xiyabanında belə nalayiq hərəkətlər edə bilməz".
Şahid Kəmalə Sadıqova ifadə verib:
"Mən 17 ildir xadimə işləyirəm. Hadisə zamanı oraya camaat yığılmışdı. Bizə də ora yaxınlaşdıq. Ora yaxınlaşarkən ərəblərin atılıb düşdüklərini gördüm. Onlara dedim ki, burada qəbirlər var. Belə hərəkətlər etmək olmaz. Lakin onlar məni anlamırdılar. Əlimlə işarə etdim ki, olmaz. Ora gələn əcnəbilər çoxdur. Hamısı maraqlanıb öyrənirdilər. Dua edib gedirdilər. Belə şey birinci dəfədir görürəm".
Şahid qismində danışan Əliyeva Sevil isə hadisəni belə xatırladığını bildirib:
"Mən həmin ərazidə xadimə işləyirəm. Hadisəyə uzaqdan şahidlik etmişəm. Səslər gəlirdi 3 nəfərin lağ-lağa edərək oynayıb gülürdülər".
Şahid qismində Ağayeva Bəsti də ifadə verib:
"Ərazini təmizləyərək hadisə yerinə gəlib çatdıq. Gördük ki, 3 oğlan şəhidin məzarı yanında oynayır. Onlar orada çəkiliş aparırdılar. Onlardan biri qəbrin üzərinə çıxmışdı. Qəbrin üzərindən gülü götürüb meymun kimi gülürdülər. Onlara yaxınlaşdıq ərəb olduqlarını gördük. Dil bilmədiyimiz üçün oradan getdik".
Şahid qismində ifadə verən Heydərova Tamam 1992-ci ildən Şəhidlər Xiyabanında işlədiyini bildirib:
"Gülüş səsləri eşitdim. Səs olan tərəfə yaxınlaşdım. Orada oynayan şəxslər gördüm. Biri məzarın üzərinə çıxıb çəkiliş edirdi. Digərləri atılıb düşürdü".
Növbəti məhkəmə prosesi dekabrın 9-na təyin edilib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Şərhlər