Xəbər lenti

İşçi və mühasib arasında anlaşılmazlıq: Artıq ödənmiş məbləğ necə geri qaytarıla bilər?
Ekonomiks 16:14 04.12.2025

İşçi və mühasib arasında anlaşılmazlıq: Artıq ödənmiş məbləğ necə geri qaytarıla bilər?

Bəzən müəssisələrdə işçilərə mühasibatlıq tərəfindən səhvən artıq vəsait yazılır. Növbəti aylarda isə işçilərin əmək haqqından artıq ödənmiş bu məbləğin tutulması işçi ilə rəhbərlik arasında anlaşılmazlıq yaradır. Kiçik məbləğlərdə belə, işçilər şirkətləri, onların mühasiblərini məhkəmə ilə hədələyə bilirlər. Ekspertlərin sözlərinə görə, Əmək Məcəlləsi isə bu vəziyyətləri dəqiq tənzimləyir və işəgötürənlərə müəyyən hüquqlar verir. 

Bəs qanun çərçivəsində hansı hallarda əməkhaqqından tutulma aparmaq mümkündür? Nə zaman işçidən bu məbləğ tutula bilməz?

Qaynarinfo-nun sualını cavablandıran iqtisadçı Rauf Qarayev bildirib ki, bu məsələdə həm işəgötürənin, həm də işçinin hüquqları qanunla dəqiq tənzimlənib:

"Bəzən işçilər onlara köçürülən artıq pulun tutulmasına etiraz edir və özünü haqlı hesab edir. Bildirir ki, Əmək Məcəlləsi ona hüquq verib. Lakin bu problemin həllində əsas qanunun nə dediyi üstün hesab olunur. Qeyd edim ki, analoji hadisələr təcrübəmdə olub. Hətta işçi 20 manata görə, mühasibi məhkəmə ilə hədələyir. Halbuki 20 manat ona artıq düşən puldur".

Ekspertin sözlərinə görə, Əmək Məcəlləsində səhv köçürülmüş məbləğin geri qaytarılma müddəti öz əksini tapıb, bu müddət keçdikdə onlar işçidən artıq pul tələb edə bilməz:

"Əmək Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, işəgötürən avansın qaytarılması və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verilməsi halında, bu məbləği əməkhaqqından bir ay müddətində tuta bilər. Bu müddət bitdikdən sonra işçidən artıq ödənmiş vəsaiti tutmaq mümkün deyil".
 


"Bəs həmin pul hansı hallarda tutulur" sualına cavab olaraq iqtisadçı bildirib ki, vəsait bir neçə əsas halda geri qaytarıla bilər:

"Bunlardan biri işçinin yazılı razılığı əsasında olur. Belə ki, işçi öz ərizəsində əməkhaqqından tutulmaya razılıq verə bilər. Digəri isə qanunla nəzərdə tutulmuş məcburi tutulmalardır. Vergilər, icra sənədləri, məhkəmə qərarları, aliment və digər qanuni ödənişlər məcburi tutulmalara daxildir. Və maddi məsuliyyət halları yarandıqda bu pul geri qaytarılır. Yəni, işçi işə ziyan vurarsa, onun əməkhaqqından ziyanın miqdarı qədər tutula bilər. Lakin orta əməkhaqqından artıq olan məbləğ yalnız məhkəmə qərarı ilə tutulmalıdır".

İşçilərin orta əməkhaqqının hesablanması qaydası haqqında da danışan Rauf Qarayev vurğulayıb ki, Əmək Məcəlləsinin 177-ci maddəsinə görə, işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəminin həmin aylardakı iş günlərinin sayına bölünməsi ilə müəyyən edilir. Alınan günlük məbləğ, əməkhaqqı saxlanılan iş günlərinin sayı ilə vurulur:

"Bir nümunə verim. Məsələn, 2025-ci ilin oktyabrında 23 iş günü, noyabrında 18 iş günü olub. Əməkhaqqı 1000 manat. Aşağıdakı hesablamaya əsasən: Kommunal xidmətləri görə 90 manat hər ay pul verilir (NK-nın 15 iyul 2000-ci il № 126 nəzərə alınmır) (1000+1000)/(23+18) = 48,78 manat. Deməli, bir gün üçün əməkhaqqı məbləği 48,78 manatdır. Dekabrda iş günü 22-dir. 48,78 x 22= 1073,16 manat edir. İşçi 5000 -1073,16 manat təşkilata ziyan vurub. Bu zaman ondan əlavə 3926,84 manat tutmaq üçün məhkəmə qərarı lazımdır.Əgər işçi 5000 manat təşkilata ziyan vurubsa, onun əməkhaqqından yalnız 1073,16 manat tutulabilir. Qalan 3926,84 manatın tutulması üçün məhkəmə qərarı tələb olunur. Ümumiyyətlə, işəgötürənlər əməkhaqqından tutulma məsələsində Əmək Məcəlləsinə əməl etməli, işçilər isə artıq ödənişlərin qanuni tutulma müddətini bilməlidir. Kiçik məbləğlər üçün belə məhkəmə ilə hədələmə halları qanunsuzdur və hüquqi müstəvidə əsaslandırıla bilər".

Günay İlqarqızı


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->