Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Movlayevlə bağlı açılan cinayət işində yekun qərar verilib.
Teleqraf-ın məlumatına görə, Göygöl Rayon Məhkəməsinin hökünə əsasən, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunan 70 yaşlı həkim 2 il müddətinə azadlqıdan məhrum edilib. Onun cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Əmirxan Movlayevlə bağlı cinayət işi ötən il Göygöl RMX-na 39 qızdırma ilə gətirilən üç aylıq körpənin sonradan ev şəraitində ölməsi ilə bağlı olub.
Məhkəmədə ifadə verən həkim ittihamları qəbul etməyib. Ekspert rəyi ilə razılaşmadığını bildirən pediatr qoyulan diaqnozun heç bir əlaməti olmadığını bildirib:
"Pnevmoniya diaqnozu qoyulsa da, bunu hər kəs bilir ki, bu halda uşaqda göyərmə, öskürək, ayrı əlamətlər olmalı idi. Ekspert ölüm səbəbini pnevmaniya, bağırsaqda xoralı emperit kimi göstərib, onlar necə baxır, xoralı emperit bir günə bunu edə bilərdi? Ekspert diaqnozunda peritanit yazıb, bu isə ayıbdır. Heç olmasa insanda məntiqi düşüncə olar. Ekspert deyir ki, ekspertizanı tək keçirib, axı bu bir nəfərin işi deyil və yarım saat ərzində bunları etməsi mümkün olmaz. Maraqlıdır, hər üç rəydə yazılıb ki, təqsirləndirilən şəxs xəstəni müayinə edib, klinik diaqnoz təyin edib və digər yardımları göstərib. Sonra da valideyinlərinə xəstəxanada qalmalarını təklif edib, ancaq onlar uşağın vəziyyəti yaxşı olması ilə əlaqədər qalmaqdan imtina ediblər. Bu, xəstələrin qəbul kitabında da qeyd olunub. Başa düşə bilmirəm, deyirlər, xəstəxanada qalmayıblar, bəs nə üçün ittiham olunuram? Nə dərəcədə məntiqə uyğundur ki, uşağı yoxlamışam, qarınının yumşaq olmasını və ciyərlərində sərt tənəffüs eşidilməsini görmüşəm. Ekspert rəyində qeyd olunan xəstəliklər olsa idi, uşağın üzündə, dodaqlarına baxanda bunu müəyyən edərdim. Ekspert rəyi tamamilə başdan-ayağa qərəzlidir”.
Məhkəmədə körpənin anası Türkan Məmmədova (soyad şərti) bildirib ki, Əmirxan həkim müayinə zamanı tibb bacısına uşağa iynə vurulmasını tapşırıb, sonra hərtərəfli uşağı yoxlamağa başlayıb və yarım saat – 1 saat gözləmələrini, uşağın qızdırmasının düşəcəyini deyib:
"Yarım saat sonra uşağın qızdırması düşdü. Həkim "qalmaq isdəyirsizmi” deyə soruşdu, biz də dedi ki, gedirik evə, nəsə olsa, yenidən gələrik. Həkim dərmanlar yazdı, evə gəlib dərmanı verdikdən sonra uşaq qaytarmağa başladı, körpənin vəziyyəti pisləşdi və yenidən xəstəxanaya yollandıq. Əmirxan həkim amoxilin və siafen dərmanları yazmışdı. Dedi ki, bu dərmanlar antibiotik tərkiblidir. Əmirxan həkim bir gün xəstəxanada qalmağı təklif etdi, amma qızdırması düşdüyü üçün evə getməyə qərar verdik”.
Ananın sözlərinə görə, 4 iyun 2024-cü il tarixə qədər uşağın hər hansı ciddi problem olmayıb:
"Uşağın qızdırması 37 olduqda heç bir şey etmədim, körpə bir gün elə qaldı. İlk gündən Əmirxan həkimdən şikayətçi deyiləm, gələcəkdə də olmayacam”.
Qeyd edək ki, Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.
Şərhlər