"Yaxın 6 ay ərzində Ermənistanla Türkiyə arasında sərhədin açılması barədə səslənən fikirlər gerçəklik yox, yalnız istək və arzudur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov qarşıdakı 6 ay ərzində Türkiyə ilə Ermənistan arasında quru sərhədin açılması ehtimalını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycanın tələbinə uyğun dəyişikliklərə getməyincə, sözügedən məsələ öz həllini tapmayacaq:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bildirib ki, sərhədlər yalnız Azərbaycanla Ermənistan arasında münasibətlər tam olaraq normallaşandan sonra açılacaq. Bu yaxınlarda Türkiyə xarici işlər naziri Hakan Fidan da bəyan etdi ki, Ankara ilə İrəvan arasında sərhədlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra açılacaq. Avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı. Həmin dövrdən üzü bəri Bakı ilə İrəvan arasında münasibətlər də xeyli yaxşılaşıb. Zəngəzur dəhlizinin tikintisilə bağlı da əməli addımlar atılır. Bundan əlavə, keçən həftə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini arasında Qəbələdə görüş oldu. Bundan əvvəl isə vətəndaş cəmiyyətinin nümayəndələri bir-birinə səfərlər etdi. Ancaq Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkmək üçün konstitusiyalarında dəyişiklik etməlidir".
Politoloq məsələnin həlli üçün İrəvanı əməli addımlar atmağa səsləyib:
"Artıq onlar bu işə başlayıblar. Ermənistanın ədliyyə naziri bildirdi ki, 2026-cı ilin martına konstitusiyanın yeni variantı hazır olacaq. Bu mənada Türkiyə və Ermənistan sərhədlərinin açılması məsələsi də ancaq konstitusiyadan dediyimiz məqamlar çıxarıldıqdan sonra, İrəvanın gerçəkdən Azərbaycanla sülh bağlamaq istəyi fonunda həll oluna bilər. Yəni Ankara yalnız Bakının razılığı əsasında İrəvanla sərhədlərin açılmasına gedəcək. Ona görə də bu yöndə Ermənistandan əməli addımlar gözləyirik".
Qeyd edək ki, "Bloomberg"in yaydığı məlumata görə, Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir. Bildirilib ki, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistan Baş naziri Nikol Paşinyana seçkilər ərəfəsində əlavə siyasi dəstək verə bilər.
Eyni zamanda, ötən ay Türkiyə tərəfinin adından məlumat yayıldı ki, hazırda Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur. İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir. Sərhədlərin açılması prosesin gedişindən asılı olacaq. Hələlik bununla bağlı konkret müddət yoxdur.
Rüfət Sultan
Şərhlər