Kreml rəhbəri Vladimir Putin Ukraynaya tanklarla hücum əmrini verdiyi gündən üç ildən çox vaxt keçsə də, Rusiya Donetsk vilayətindən — müharibənin əsas mərkəzindən — qonşu Dnepropetrovsk vilayətinə keçə bilməyib. Bu vilayətdə isə Ukrayna Prezidenti Volodimir Zelenskinin doğma şəhəri Krivoy Roq yerləşir.
Qaynarinfo "The Times”a istinadla yazır ki, 9 May – Rusiyada "Qələbə günü” yaxınlaşdıqca Putin döyüş meydanında rəmzi bir zəfərə nail olmağa çalışır ki, onu öz xalqına təqdim edə
bilsin. Ukraynalı hərbi rəsmilərin fikrincə, məqsəd — mayın 9-da Qırmızı Meydanda tribunalara qalxarkən — istənilən yolla rus əsgərlərinin Dnepropetrovsk vilayəti ərazisində olmasını təmin etməkdir.
Ukraynanın 72-ci briqadasının pilotsuz sistemlər batalyonunun komandiri polkovnik Andrey Nazarenkonun sözlərinə görə, Rusiya qüvvələri vilayətlərarası sərhəddən cəmi bir neçə kilometr aralıda yerləşir və Kreml bu məqsədə çatmaq üçün hər gün yüzlərlə əsgərini qurban verir. "Düşmən təzyiqi xeyli artırıb, 24 saat fasiləsiz hücuma keçir, sərhədə çatmaq üçün hər şeyi edir”, – deyə o bildirib.
Nazarenko qeyd edib ki, rus ordusu döyüş meydanında motosikletlərdən və avtomobillərdən istifadə edir. Bu, onların manevr imkanını artırsa da, eyni zamanda daha asan hədəfə çevrilmələrinə səbəb olur. "Onlar böyük itkilər verirlər, amma bu itkiləri hesaba almırlar”, – deyə vurğulayıb.
Ukrayna hərbçiləri bildirirlər ki, eyni vəziyyət Donetsk vilayətinin digər cəbhələrində də müşahidə olunur. 25-ci desant briqadasının komandir müavini vəzifəsini icra edən İlya Petrinanın sözlərinə görə: "Onların bütün fəaliyyəti bu Qələbə maniyasına əsaslanır – generallar Putinə "baxın, biz necə qüdrətliyik, irəliləmişik, nəyisə ələ keçirmişik” deyə bilsinlər. Amma bu günədək Dnepropetrovsk vilayəti ərazisində bircə rus əsgəri də olmayıb və biz bunun belə qalması üçün əlimizdən gələni edirik”.
Mediada yayılan məlumatlara əsasən, Rusiyanın sərhədə doğru irəliləmək cəhdləri Donetsk vilayəti boyunca artan dron hücumları və intensiv bombardmanlarla müşayiət olunur. Kreml zərbələrinin nəticələri hər yerdə görünür – yanmış binalarda iri deşiklər, göyə qalxan qara tüstü, tamamilə dağıdılmış və strateji əhəmiyyətli Pokrovsk şəhəri...
Ukraynalı analitiklər və rəsmilər isə bildirirlər ki, Rusiya qüvvələri sərhədi keçsə belə, bu, strateji baxımdan mühüm dönüş nöqtəsi sayılmayacaq, yalnız Putinə rəmzi zəfər təqdim etmək üçün istifadə ediləcək. "Bu sadəcə xəritədə bir xətdir, nə yaşayış məntəqəsi, nə də çaydır. Hərbi baxımdan heç bir məna daşımır”, – deyə "Xortıtsya” əməliyyat-strateji qrupunun sözçüsü Viktor Trequbov vurğulayıb.
Dnepropetrovsk vilayətində vəziyyət
Bu həftə Ukrayna hakimiyyəti, Rusiya mövqelərindən cəmi bir neçə kilometr aralıda yerləşən yeddi cəbhəyanı kənddən uşaqların məcburi təxliyəsinə başlayıb.
İki övladı ilə birlikdə təhlükəsiz əraziyə köçürülən Katerina bildirib: "Cəbhə yaxınlaşır, biz hər gün kamikadze dronların səsini eşidirik”. O, daha əvvəl Donetsk vilayətindən də qaçmaq məcburiyyətində qaldığını deyib.
"Dronlar təxminən bir ay əvvəl hücum etməyə başladı. Biz bunu gözləmirdik. Xəbərlərdə deyirdilər ki, hər şey sakitdir, ruslar geri çəkilib. Amma indi çıxırsan kartof əkməyə, başının üstündə dron uçur”, – deyə əlavə edib.
Ukraynada müharibə ilə bağlı digər xəbərlər
UNIAN daha əvvəl xəbər vermişdi ki, Putin Ukraynaya qarşı "Qoz ağacı” adlı zərbə planlaşdırır. Kreml Ukraynanın üçgünlük "sülhə” razı olmayacağını hesab edir və buna "qətiyyətlə cavab verməyi” planlaşdırır.
Bundan əlavə, məlum olub ki, Ukraynanın fəaliyyətləri Rusiya aviasiyasını 4000 kilometr arxaya – "Olenya” aerodromundan "Belaya” bazasına – çəkilməyə məcbur edib. Ekspertlər bildiriblər ki, strateji aviasiyanın yeni yerləşmə planı bu hərəkətə əsaslanır.
Alpər
Şərhlər