Fransa ilə Almaniya arasındakı ənənəvi Paris-Berlin oxu ciddi böhran mərhələsindən keçir. Almaniya kansleri Fridrix Merz ilə Fransa prezidenti Emmanuel Makron arasında fikir ayrılıqları Avropa İttifaqının rəqabət qabiliyyəti, iqtisadiyyat, müdafiə sənayesi və Rusiya siyasəti məsələlərində daha da dərinləşib.
Qaynarinfo xəbər verir ki, Berlinin Fransa əvəzinə İtaliya ilə yaxınlaşması Parisdə narahatlıq yaradıb, müdafiə layihələri və ortaq borclanma mövzusunda isə razılaşma əldə olunmayıb. Diqqətlər Aİ zirvələri və Münhen Təhlükəsizlik Konfransında iki ölkənin ortaq mövqe tapıb-tapmayacağına yönəlib.
Avropanın iki aparıcı ölkəsi - Fransa və Almaniya arasında gərginlik artmaqdadır. Bir vaxtlar Avropa İttifaqının istiqamətini müəyyən edən Paris-Berlin tandemi hazırda ciddi fikir ayrılığı mərhələsinə daxil olub. Fridrix Merz və Emmanuel Makron artıq mövqelərini diplomatik nəzakətin arxasında gizlətmirlər.
Gərginlik Belçikada "Avropanın rəqabət qabiliyyəti” mövzusunda keçiriləcək qeyri-rəsmi Aİ zirvəsi ərəfəsində açıq şəkildə üzə çıxıb. Zirvədə əvvəlcə italiyalı siyasətçi Mario Draqi tərəfindən hazırlanmış Aİ-nin rəqabət qabiliyyəti hesabatı müzakirə olunacaq. Daha sonra İtaliyanın sabiq baş naziri Enriko Letta ilə vahid bazarın gücləndirilməsi məsələsi gündəmə gətiriləcək. Günün son iclasında isə Avropanın rəqabət qabiliyyətini artırmaq üçün tətbiq olunacaq alətlər müzakirə ediləcək.
Cümə günündən etibarən diqqətlər Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransına yönələcək. Lakin Paris və Berlin arasında media üzərindən səsləndirilən qarşılıqlı bəyanatlar Aİ-nin iki əsas gücünün dərin fikir ayrılıqları yaşadığını bir daha göstərib.
Böhranın adı: "Merzoni"
Berlin siyasi dairələrində böhran artıq adlandırılıb – "Merzoni”. Almaniyanın mühüm zirvələr öncəsi Fransa əvəzinə İtaliyanın baş naziri Corcia Meloni ilə ortaq yol xəritəsi müəyyənləşdirməsi Parisdə ciddi narazılıq doğurub. Bu yeni yaxınlaşma Makronun "Avropa liderliyi” vizyonuna birbaşa çağırış kimi qiymətləndirilir.
İqtisadiyyatda dərin çat
Ayrılıq təkcə siyasi sahədə deyil, iqtisadi müstəvidə də özünü göstərir. Makron "Avropa beş il ərzində silinə bilər” xəbərdarlığı ilə ortaq borclanma və qoruyucu "Made in Europe” siyasətini müdafiə edir. Almaniya isə Niderland və Baltik ölkələrinin dəstəyi ilə bu çağırışlara məsafəli yanaşır. Berlinin mövqeyinə görə prioritet yeni borclanma deyil, struktur islahatlardır.
Müdafiədə "soyuq müharibə”
Müdafiə sənayesində isə tərəflər arasında faktiki "soyuq müharibə” yaşanır. Təxminən 100 milyard avro dəyərində ortaq döyüş təyyarəsi layihəsi – "SCAF” aylardır dalana dirənib. Makronun "Təyyarə yoxdursa, tank da yoxdur” bəyanatına Berlindən "Tankı təkbaşına da istehsal edə bilərik” cavabı verilib. Rusiya siyasəti də iki ölkə arasında başqa bir fikir ayrılığı nöqtəsidir. Almaniya Rusiya aktivlərinin müsadirəsini dəstəklədiyi halda, Makron Vladimir Putinlə dialoq imkanlarını tam bağlamağa tələsmir.
Gözlər kritik təmaslarda
Avropa Şurasının iclasları və Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iki liderin tez-tez görüşmək imkanı olacaq. İndi diqqətlər Avropanın gələcəyini formalaşdıracaq bu həssas mərhələdə Paris və Berlinin ortaq məxrəcə gəlib-gəlməyəcəyinə yönəlib.
Aydın
Şərhlər