Son 40 il ərzində Panamanın Sakit okean sahilləri mövsümi olaraq dərinliklərdən qalxan, qida maddələri ilə zəngin soyuq sulara güvənib. Lakin 2025-ci ilin əvvəlində bu proses demək olar ki, tamamilə yoxa çıxıb.
Qayanrinfo xəbər verir ki, bu barədə "Ecoticias" yazıb.
Alimlər bildiriblər ki, Panama körfəzində apvellinq prosesi müşahidə tarixində ilk dəfə dayanıb. Onların fikrincə, bu hadisə iqlim dəyişikliyinin tropik dənizləri nə qədər sürətlə qeyri-sabit vəziyyətə sala biləcəyinə dair ciddi xəbərdarlıqdır.
Adətən nə baş verir?
Qeyd olunur ki, dekabr–aprel aylarında güclü şimal passat küləkləri Panama körfəzi üzərindən əsərək isti səth sularını kənara itələyir və dərinliklərdəki soyuq suların yuxarı qalxmasına şərait yaradır. Bu sular fitoplanktonu və balıqları qidalandırır, eyni zamanda quraq mövsümdə regional dəniz istiliyini yumşaldaraq mərcan riflərini ağarmadan qoruyur.
2025-ci ildə nə baş verdi?
2025-ci il mövsümü isə tamamilə fərqli keçib. Peyk görüntüləri xlorofil səviyyəsinin son dərəcə aşağı olduğunu göstərib ki, bu da okeanın səth qatının tükənməsinin göstəricisidir. Sahə ölçmələri su sütununun güclü şəkildə laylandığını və bu sistem üçün səciyyəvi olan şaquli qarışmanın çox zəif olduğunu ortaya qoyub.
Tədqiqat göstərib ki, regionda tipik apvellinq yanvarın sonlarında başlayır, təxminən iki ay davam edir və suyun temperaturunu 19 dərəcə Selsiyədək endirə bilir. Halbuki 2025-ci ildə soyuma bir neçə həftə gec başlayıb, qısa müddət davam edib və suyu cəmi 23 dərəcəyədək soyudub.
"Smitson” Tropik Tədqiqatlar İnstitutunun bioloqu Aaron O’Di hesab edir ki, "tropik Panama dənizi öz həyati əhəmiyyətli nəfəsini itirib”.
Problem nədən ibarətdir?
Okeanı bu "nəfəsdən” məhrum edən səbəb dərinliklərdə soyuq suyun olmaması deyil, adətən onu yuxarı qaldıran atmosfer mexanizminin sıradan çıxmasıdır. Tədqiqat qrupu müəyyən edib ki, 2025-ci ildə Panama üzərində külək axınları xeyli nadir formalaşıb. Nəticədə şimal küləklərinin ümumi təsiri güclü apvellinqi işə salmaq üçün lazım olan həddə çatmayıb.
Küləklər əsdiyi zaman əvvəlki illərlə müqayisədə oxşar gücdə olsa da, onların tezliyi kəskin azalıb, sakit dövrlər isə uzanıb. Bu da səth sularının isti və laylanmış vəziyyətdə qalmasına səbəb olub.
"Biz ilk dəfə atmosfer və okean dövranı sistemlərindəki dəyişikliklərin həddi aşaraq bioloji məhsuldarlığın azalmasına gətirib çıxardığını müşahidə etdik”, deyə Maks Plank adına Kimya İnstitutundan Ralf Şibel bildirib.
Ekoloji nəticələr
Körfəzdə ekoloji təsirlər sürətlə özünü göstərib. Səthə çatan qida maddələrinin azalması səbəbindən fitoplankton populyasiyaları kiçilib, qida zəncirinin əsası zəifləyib. Skumbriya və sardina ehtiyatlarında, eləcə də kalmarlar və digər molyusklarda azalma müşahidə olunur.
Adətən yuxarı qalxan soyuq suların faydasını görən mərcan rifləri bu dəfə daha güclü istilik stressinə məruz qalıb ki, bu da ağarma riskini və şiddətini artırıb.
Alimlər xəbərdarlıq edirlər ki, apvellinq prosesində təkrarlanan pozuntular balıqçılığın uzunmüddətli məhsuldarlığının azalmasına və onsuz da həssas olan mərcan icmaları üzərində istilik stressinin güclənməsinə səbəb ola bilər.
Aydın
Şərhlər