Xalq artisti Natiq Şirinov 10 min manatlıq məhkəmə prosesini uduzması ilə bağlı qərara aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, məhkəmədə uduzması ilə qəti fikir söyləmək hələ tezdir:
"Gəlin bu prosesi zamanın axarına buraxaq. Mən tanınan bir musiqiçiyəm. Buna görə də hər şeyi dövlət özü həll edir. Mən kiməm ki? Əminəm ki, dövlət bu məsələni yoluna qoyacaq".
Qeyd edək ki, Xalq artisti Natiq Şirinovla "Ritm" qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun zamandır davam edən məhkəmə çəkişməsinə Ali Məhkəmə son qoyub. Ali Məhkəmə apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib. Hakim bəyan edib ki, "qavaldaş daşı"ndan istənilən nağaraçı istifadə edə bilər və bu halda "mənə məxsusdur" ifadəsi əsassız sayılmalıdır.
Xatırladaq ki, Natiq Şirinov keçmiş qrup üzvünü məhkəməyə vermişdi. O, Ramil Cahangirovu ona məxsus "qavaldaş nağara" əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb və məhkəmə iddianı əsassız sayaraq rədd edib.
Sonra iş Sumqayıt Apellyasiya Məhkəməsinə gedib. Məhkəmə Natiq Şirinovun iddiasını qismən təmin edib. Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
Ramil bu qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib.
Bahar Rüstəmli
Şərhlər