Keşlədə su basmış ərazidən 37 nəfər təxliyə edildi (YENİLƏNİB)
Məlumat verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.
FHN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.
12.30
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər