NASA-nın peyk görüntüləri sayəsində alimlər Sahara səhrasında yerləşən və konsentrik qayalı halqalardan ibarət nəhəng Arkanu dağ massivinin əsl mənşəyini müəyyən ediblər.
Qaynarinfo "İndiandefencereview" nəşrinə istinadən xəbər verir ki, bu geoloji fenomen uzun müddət tədqiqatçıları çaşqın vəziyyətdə saxlayıb və əvvəlcə qədim asteroid zərbəsinin nəticəsi kimi qiymətləndirilib. Lakin yeni araşdırmalar göstərir ki, bu massiv daha mürəkkəb quruluşa malikdir və onun formalaşma səbəbi Yer qabığının dərinliklərində baş verən proseslərlə bağlıdır.
Unikal geoloji formasiya
Arkanu dağ massivi Liviyanın ucqar səhralıq bölgəsində yerləşir. Struktur təxminən 25 kilometr (15 mil) əraziyə yayılıb və burada maqmatik bazalt və qranit qatları üst-üstə düşərək halqa formasında təkrarlanan strukturlar yaradır.
Əvvəllər alimlər bu halqaların böyük asteroidin toqquşması nəticəsində yarandığını düşünürdülər, lakin son tədqiqatlar bu ehtimalı təkzib edib. "Earth Observatory" tədqiqatçılarının məlumatına görə, yüz milyonlarla il ərzində təkrarlanan maqma intruziyaları bu landşaftı formalaşdıraraq halqa şəklində strukturlar yaradıb.
Bu proseslər maqmanın Yer səthinə doğru qalxması ilə əlaqədardır və nəticədə bu gün müşahidə edilən unikal geoloji forma yaranıb.
Arkanu dağının qədim sənət nümunələri
Arkanu massivi təkcə geoloji xüsusiyyətləri ilə deyil, həm də qədim petroqlifləri ilə diqqət çəkir. Qayalarda inək, zürafə və insan fiqurlarını təsvir edən rəsmlər aşkar edilib. 2003-cü ildə tapılan bu təsvirlər həmin ərazinin minilliklər boyu insan fəaliyyəti üçün mühüm məkan olduğunu göstərir.
Sirli "şapka" forması
Arkanu dağının ən maraqlı xüsusiyyətlərindən biri onun zirvəsində yerləşən və "şapka” adlandırılan böyük geoloji formadır. Bu struktur qumdaşı, əhəngdaşı və kvars təbəqələrindən ibarətdir və halqavari qayalarla kəskin kontrast yaradır.
Tədqiqatçılar bildirirlər ki, bu formasiya həm maqmatik, həm də çöküntü süxurlarının qarşılıqlı təsiri nəticəsində yaranıb və Sahara səhrasının geoloji tarixini anlamaq üçün nadir imkan yaradır. Earth Observatory komandasının məlumatına görə, bu bölgədəki geoloji proseslər milyonlarla il ərzində landşaftı formalaşdıran dinamik tektonik qüvvələri əks etdirir.
Aydın
Şərhlər