Xəbər lenti

Xolesterin səviyyəsinə necə nəzarət etmək olar? - Kardioloqlardan yeni tövsiyələr
Sağlamlıq 14:10 05.04.2026

Xolesterin səviyyəsinə necə nəzarət etmək olar? - Kardioloqlardan yeni tövsiyələr

Amerikalı kardioloqlar 9 ildən sonra ilk dəfə yüksək xolesterin səviyyəsinin azaldılması üçün yeni tövsiyələr dərc ediblər. Yenilənmiş məlumatlara erkən yaşda yüksək xolesterinin aşkarlanması, həyat tərzində dəyişikliklər və infarkt və insult riskinin daha dəqiq hesablanması üçün təkmilləşdirilmiş metodlar daxildir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sciencealert” yazır.

"Kardiovaskulyar xəstəliklərin inkişaf trayektoriyasını dəyişmək üçün erkən profilaktik strategiyalara keçid onilliklər sonra insanların sağlamlığında əhəmiyyətli yaxşılaşma yaradacaq”, deyə kardioloq Set Martin bildirib.

Yeni tövsiyələr ailəsində ürək-damar xəstəlikləri və ya yüksək xolesterin olan şəxslər üçün erkən skrininq (yoxlama) aparılmasını da nəzərdə tutur.

Bundan əlavə, bəzi xəstələr üçün daha fərdiləşdirilmiş risk qiymətləndirməsi və müəyyən hallarda dərman müalicəsinə daha erkən başlama tövsiyə olunur.

Yeni kardiovaskulyar risk qiymətləndirmə qaydaları

Yenilənmiş tövsiyələrdə ürək-damar xəstəlikləri riskinin hesablanması üçün yeni metodlar da yer alır. Xüsusilə həkimlərə PREVENT risk şkalasından istifadə tövsiyə edilir.

Eyni zamanda xolesterin səviyyəsinin qiymətləndirilməsində istifadə olunan göstərici hədləri də yenilənib.

Ürək xəstəliklərinin qarşısının alınması üzrə əsas tövsiyələr

Yüksək xolesterinin azaldılması ilə bağlı əsas tövsiyələr dəyişməyib: sağlam qidalanma, müntəzəm idman, normal çəki, kifayət qədər yuxu və siqaret çəkməmək.

Kardioloq Rocer Blumental bildirib ki, "pis” xolesterinin azaldılması infarkt, insult və ürək çatışmazlığı riskini azaltmaq üçün vacibdir.

Mütəxəssislər qeyd ediblər ki, bir çox insanda "pis” xolesterinin yüksək olması aterosklerotik ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır və bu, dünyada ölümün əsas səbəblərindən biridir.

Yaxşı xəbər odur ki, ürək-damar xəstəliklərinin təxminən 80%-nin qarşısını almaq mümkündür və yeni tövsiyələr də məhz buna yönəlib.

"Bu yeni tövsiyələrin həkimlər tərəfindən tətbiqi ürək-damar xəstəliklərinin yükünün azaldılmasında həlledici rol oynayacaq”, deyə kardioloqlar yekunlaşdırıblar.

Xolesterin nədir?

Xolesterin orqanizmin hüceyrə membranlarının və hormonların yaradılmasında istifadə etdiyi yağabənzər maddədir. O, iki növə bölünür: "pis” xolesterin (aşağı sıxlıqlı lipoprotein) və "yaxşı” xolesterin (yüksək sıxlıqlı lipoprotein).

Artıq "pis” xolesterin damarların tıxanmasına səbəb olur, "yaxşı” xolesterin isə artıq "pis” xolesterini qandan təmizləyərək qaraciyərə daşınmasına kömək edir, orada parçalanır.

Aydın

--> -->