Son illərdə sürətli arıqlama üsullarının artması ilə bağlı mütəxəssislərdən xəbərdarlıq gəlib.
Qaynarinfo xəbər verir ki, bu üsullara daxil olan arıqladıcı çaylar, həblər və içkilərin sağlamlıq baxımından ciddi təhlükələr yaratdığına diqqət çəkilir.
Dietoloq Dərya Şahin Çelik və Nevrə Dəmirəl bu məhsulların mənfi təsirlərini "Hürriyet”ə şərh ediblər.
Çelik bildirib ki, iştah azaldıcı məhsullar müvəqqəti çəki itkisi yaratsa da, uzunmüddətli dövrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:
"Bu məhsullar sosial şəbəkə fenomenləri tərəfindən təbliğ olunur və əldə edilməsi çox asandır. Lakin xroniki xəstəlikləri olan insanlarda bu məhsulların istifadəsi ağır nəticələrə gətirib çıxarır. Bu məhsullar bəzi insanlarda böyrək çatışmazlığına və qaraciyər funksiyalarında pozulmalara səbəb ola bilir. Bəzi çaylar bağırsaq florasını pozur və bu pozuntu ölümcül nəticələr doğura bilər. Buna görə bu tip məhsullardan istifadəni qətiyyən tövsiyə etmirəm. Gün ərzində 4-5 dəfə istifadəsi tövsiyə edilən və arıqlatdığı iddia edilən qəhvələr var ki, bu da çox təhlükəlidir. Hər şeyin artığı zərərlidir. Xüsusilə internet vasitəsilə asanlıqla əldə edilə bilən və qısa müddətdə çəki azaltdığı iddia edilən məhsullardan uzaq durun. Bu məhsulların qadağan edilməli olduğunu düşünürəm".
Sağlamlığın dəyərinin yüksək olduğunu vurğulayan Dəmirəl isə bildirib:
"Sürətli həll yolları uzunmüddətli dövrdə böyük problemlər yaradır. Bu məhsullar məşhurların fotoları ilə belə reklam olunur. Bu cür reklamlara aldanmamaq lazımdır. Bir dietoloq olaraq bu məhsulları tövsiyə etmirəm. Arıqlamaq istəyən şəxslərin mütləq mütəxəssisə müraciət etməsi çox vacibdir. Onların dəyərlərinə və xroniki xəstəliklərinə uyğun olaraq pəhriz proqramı hazırlanır. Həmçinin şəxsin həyat tərzinə uyğun idman rejimi müəyyənləşdirilir. Bütün bu proseslər mütəxəssis nəzarəti ilə aparıldıqda sağlam şəkildə çəki itkisinə nail olmaq mümkündür".
Aydın
Şərhlər