Xəbər lenti

Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir - RƏY
Siyasət 15:10 19.10.2025

Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir - RƏY

Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Vatikana rəsmi səfəri Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir.

Bu fikirləri "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına və möhkəmlənməsinə, tarixi mədəni irsin qorunmasına yönələn addımları, həyata keçirdiyi layihələr hər zaman beynəlxalq ictimaiyyətin diqqətindədir və təqdir edilir. Sözügedən səfər də özündə bütün bu məqamları ehtiva etdi:

"Mehriban Əliyeva səfər çərçivəsində ailə üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdi və həyata keçirilmiş bərpa işləri ilə tanış oldular. Qeyd etdiyimiz kimi, bu addımlar Azərbaycanın mədəni irsin qorunması və dünya sivilizasiyasına hörmət prinsipinə əsaslanan humanitar fəaliyyətinin əsas tərkib hissələrindəndir, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və tolerantlıq ənənələrinin təşviqinə yönəlir. Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində katakombaların açılışı ilə əməkdaşlığımızın yeni bir səhifəsi yazıldı. Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. Bu reallıq bir daha önə çəkildi ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkandır. Bu prinsiplər həm dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir".
 


Deputat xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Taca-Vatikana rəsmi səfəri çərçivəsində çoxsaylı görüşlər keçirib:

"Mehriban Əliyevanın Vatikanda keçirdiyi görüşlər Azərbaycan-Vatikan münasibətlərinin dünəninin, bu gününün və perspektivlərinin təqdimatında əhəmiyyətli rol oynayıb. Roma Papası XIV Leo ilə görüş zamanı Azərbaycan ilə Vatikan arasında son illərdə formalaşan yüksək səviyyəli münasibətlərin önəmi vurğulandı. Qeyd edildi ki, iki tərəf arasında əlaqələr humanitar və mədəni müstəvidə dinamik inkişaf mərhələsinə qədəm qoyub, qarşılıqlı etimad və hörmət prinsipləri üzərində qurulub. Birinci vitse-prezident diqqəti Heydər Əliyev Fondunun son illərdə Vatikanla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bir sıra mühüm layihələrə yönəltdi. Bu layihələr təkcə mədəni irsin bərpasını deyil, həm də elmi araşdırmaların, mədəni mübadilələrin və dini-mədəni dialoqun genişləndirilməsini əhatə edir. Heydər Əliyev Fondunun Vatikanla birgə imzaladığı sazişlər əsasında bir çox bərpa və konservasiya layihələri uğurla başa çatdırılıb, bəzilərinin icrasına isə artıq başlanılıb. Bu fəaliyyət, Azərbaycanın dünya mədəni irsinin qorunması və dinlərarası harmoniya dəyərlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətinin tərkib hissəsidir. Roma Papası XIV Leo Vatikan bir neçə il əvvəl Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini, Birinci vitse-prezidentə təşəkkürünü bildirdi".

V.Rəhimzadə vurğulayıb ki, Birinci vitse-prezident səfər çərçivəsində, həmçinin Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak edib:

"Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikana səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Azərbaycanın humanitar diplomatiyasının növbəti parlaq nümunəsi kimi dəyərləndirilir. Səfər Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirdi".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->