"Oman danışıqları nəticəsində ortaya hər halda nəsə çıxmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ-la İran arasında Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılan görüşü şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, İran özünü qətiyyətli göstərsə də, bir sıra məqamlar Tehranın müharibədən çəkindiyini göstərir:
"Ona görə də İran bəzi güzəştlərə getməyə, bir sıra məsələlərdə geri çəkilməyə məcbur olacaq. Məlumatlara görə, İran rəhbərliyi böyük məbləğdə vəsaiti ölkədən çıxarmağa başlayıb. Bu da Tehranın həqiqətən qorxu içində olduğunu göstərir. Ölkənin daxili vəziyyəti də gərgindir. Tehran uran və nüvə silahı məsələsinin həlli üçün variantları müzakirə etməyə hazır olduğunu da bəyan edib".
Müsahibimizin qənaətincə, hazırkı mərhələdə tərəflərdən heç biri hərbi qarşıdurmaya getməyə tələsmir:
"Bu da yəqin ki, hərbi variantı istəməməkdən irəli gəlir. Amma ABŞ ələ düşən fürsətdən vaz keçməyəcək və ondan sona qədər istifadə etməyə çalışacaq ki, İranla məsələni birdəfəlik həll etsin. Bu isə Tehranın bir neçə dəfə ona qarşı uzanan əllərdən yayınmasının çətinləşməsi ilə bağlıdır. Hazırda qətiyyətlilik əvvəlkindən daha güclüdür. Bununla yanaşı, tərəflər müharibənin başlanmasına da ehtiyatla yanaşırlar. Çünki bunun region üçün böyük fəsadları ola bilər. Vaşinqton eyni zamanda amerikalıları İrandan çıxmağa çağırıb. Bu isə müharibə variantının da tam istisna edilmədiyini göstərir. Bir sözlə, hər iki variant mümkündür".
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçının sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, ABŞ və İran arasında nüvə danışıqlarının fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır. Ağ Ev rəsmisi də ABŞ və İran arasında nüvə danışıqlarının fevralın 6-da Maskatda keçiriləcəyini təsdiqləyib.
Xatırladaq ki, ilkin olaraq bu danışıqların İstanbulda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan İran tərəfi İstanbul görüşündən imtina edərək, onun Omanda keçirilməsini daha məqsədəuyğun hesab edib. Bu fonda görüşün ümumiyyətlə baş tutmayacağı ilə bağlı ehtimallar da gündəmə gəlmişdi.
Rüfət Sultan
Şərhlər