Macarıstan İnterpolun Sarayevo bölməsinin (Bosniya və Herseqovina) Serb Respublikası prezidenti Milorad Dodiki beynəlxalq axtarışa vermək təşəbbüsü ilə əlaqədar İnterpolun Baş Katibliyinə şikayət ünvanlayıb.
Qaynarifno xəbər verir ki, bu barədə "Raport" nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Bosniya və Herseqovina hakimiyyətini Dodikə qarşı məhkəmə prosesi açdığına görə tənqid etmişdi. Fevralın 26-da sosial şəbəkə X-də Orban bu prosesi "cadugər ovu" və "hüquq sisteminin silaha çevrilməsinin üzücü nümunəsi" adlandırmışdı.
Macarıstanla yanaşı, Serbiya hakimiyyəti də Serb Respublikasının prezidentini müdafiə edərək İnterpolun Baş Katibliyinə etiraz notası göndərib və işi siyasi adlandırıb.
Mart ayında Serbiyanın "Politika" qəzeti Milorad Dodik və Serb Respublikası Xalq Məclisinin sədri Nenad Stevandiçin beynəlxalq axtarışa veriləcəyini yazmışdı. Nəşr Sarayevo Interpol bölməsi tərəfindən hazırlanmış beynəlxalq orderlərlə tanış olduğunu bildirmişdi.
Bosniya və Herseqovinada bosniyalı serblərin lideri olan Dodik ölkənin Konstitusiya Məhkəməsinin və beynəlxalq ictimaiyyətin Bosniyada xarici idarəçi funksiyasını yerinə yetirən ali nümayəndəsinin qərarlarını görməməzliyə vurmaqda ittiham olunur. Fevral ayında yerli məhkəmə cənab Dodiki bir il həbs cəzasına məhkum edib və altı il müddətinə siyasi fəaliyyətlə məşğul olmasını qadağan edib.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Aydın
Şərhlər