"Nyu York mer seçkisinin nəticəsi o deməkdir ki, prezident Donald Trampın bu vaxta qədərki çıxışları, fəaliyyəti, sərt ritorikası elektoral bazanın xoşuna gəlməyib. Proses həm də onu göstərir ki, 2026-cı ilin aralıq seçkiləri və 2028-ci ilin prezident seçkiləri demokratların üstünlüyü ilə keçəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın Nyu York şəhərində keçirilən mer seçkisində prezident Donald Tramp komandasının məğlubiyyət səbəblərini şərh edərkən deyib.
Ekspertin fikrincə, sözügedən mer seçkisi Tramp üçün həm də bir etimad barometridir:
"Baş verənlər ABŞ-da gələn il keçiriləcək aralıq seçkilər və 2028-ci ilin prezident seçkilərində vəziyyətin gərgin olacağının anonsudur. Nyu York seçkisi həm də Trampa etimad barometri kimi qiymətləndirilir. Belə vəziyyət isə artıq respublikaçıları düşündürməlidir. Bu o deməkdir ki, Tramp apardığı daxili, habelə xarici siyasətdə ciddi dönüş edərək, ona yenidən baxmalı, sərt ritorikadan əl çəkməli, daha praqmatik addımlar atmalıdır. Trampın bir neçə ştata ordu qüvvələrini yeritməsi, bir neçə şəhər merini sərt ritorika ilə aşağılaması da onun reytinqinə mənfi təsir göstərir".
Həmsöhbətimiz deyir ki, Nyu York şəhəri üzrə meri seçkisi həmçinin demokratlarla respublikaçılar arasında psixoloji savaşın olduğunun göstəricisidir:
"Mamdaninin çıxışları da adekvat deyil. O da ambisioz çıxış edərək, sanki Trampa meydan oxuyur. Hansı ki, belə bir ritorika Amerika üçün keçərli ola bilməz. Bu arada, Kamala Harris də yenidən prezidentlik ambissiyasını ortaya qoyub. Güman edirəm ki, növbəti prezident seçkilərində elektoral baza kimi qadınların diktəsi seçkinin nəticələrinə müəyyənedici təsir göstər bilər. Tramp müsəlman olan birisinin mer seçilməsini qiymətləndirərkən də siyasi səhvlərə yol verib. O bu fonda daha çox milli və dini faktorları qabardıb. Bu ritorikalar onu göstərir ki, Tramp ölkə rəhbəri kimi tez-tez siyasi səhvlərə yol verir".
Politoloq Şahin Cəfərli isə öz sosial şəbəkə hesabında Zohran Mamdaninin və Nyu Yorkdakı mer seçkiləri ilə paralel Virciniya və Nyu Cersi ştatlarında qubernator seçkilərinin hər ikisində demokratların qələbəsini belə şərh edib:
"Nyu Yorkdakı mer seçkilərində Uqandada doğulmuş hind əsilli şiə müsəlman, Fələstin aktivisti, 34 yaşlı Zohran Mamdani qalib gəldi. Suriyalı xanımla evli olan gənc marksist demokrat 112 milyard dollarlıq şəhər büdcəsini idarə edəcək. ABŞ-ın ən böyük şəhərində bir sosialistin 50% kimi yüksək rəqəmlə zəfər qazanması cəmiyyətdə sosial dövlətə nə qədər böyük tələbat olduğunu ortaya qoyur. Mamdani seçki platformasını "zəngindən alıb yoxsula vermək” fəlsəfəsi əsasında quraraq pulsuz şəhərdaxili nəqliyyat, pulsuz məktəbəqədər təhsil, sosial evlərin tikintisi, ev kirayəsi qiymətlərinin artmasına məhdudiyyət qoyulması, yoxsullar üçün ucuz supermarket açılması, polis zorakılığını azaldaraq bəzi hallarda onların müdaxiləsinə ehtiyac qalmadan ictimai asayişi təmin etmək üçün meriya daxilində xüsusi idarənin yaradılması və sair vədlərlə həm əhalinin gündəlik həyatda qarşılaşdığı çətinlikləri, həm də bu problemlərin həlli yollarını yaxşı bildiyini və digər sakinlər kimi sadə bir nyu yorklu olduğunu ortaya qoydu. Bu addımlar şəhər zənginlərinin ödədiyi vergilərin yüksəldilməsi hesabına maliyyələşdirilməlidir. (Bunun üçün ştat rəhbərliyinin də razılığı lazım olacaq).
Əlbəttə ki, vəd vermək asan, onları yerinə yetirmək isə çətin işdir. Bu vədlərin icrasının nə dərəcədə real olduğunu izləyib görmək lazımdır. Mamdani mer vəzifəsində də uğur hekayəsi yarada bilərsə, bunun federal syasətə ciddi təsirləri olacaq. Əslində onun qələbəsini federal əhəmiyyətli hadisə kimi qiymətləndirmək mümkündür. Çünki bu qələbə ABŞ demokratları daxilindəki proqressiv (sol) qanadın nə qədər gücləndiyini göstərir. Bu baxımdan Zohran Mamdani təkcə respublikaçıları, Trampı, Maskı, milyarderləri, İsrail lobbisini deyil, demokratların isteblişmentini də məğlub etdi. Ənənəvi demokrat elitalar bir tərəfdən sol axının qarşısını alaraq partiya içərisində öz mövqelərini qorumaq istəyirlər. Digər tərəfdən isə onlar respublikaçıların növbəti yerli və federal seçkilərdə öz seçicilərinin maksimum mobilizasiyasına nail olub, mötədil müstəqilləri də qorxutmaq üçün "kommunist islamçı mer” təbliğat tezisi əldə edərək demokratları şeytanlaşdırmasından ehtiyatlanırlar. Bu səbəbdən demokratların başbilənləri Mamdaniyə soyuq yanaşdılar və ona aktiv dəstək vermədilər. Demokratların Konqresdəki liderləri − Nümayəndələr Palatasındakı lider Hakim Ceffris Mamdaniyə yalnız son anda dəstək açıqladığı halda, Senatdakı lider Çak Şumer ümumiyyətlə, susdu.
Nyu Yorkda 2 milyona yaxın yəhudi (onların arasında çox zəngin iş adamları var) və 1 milyona yaxın müsəlman yaşayır. Respublikaçılar kampaniya boyunca Mamdanini cihadçı, HAMAS–çı, antisemit kimi damğalamağa çalışdılar, lakin Mamdani həm solçu yəhudilərdən, həm də qatı dindar, ultraortodoks yəhudi icmasından səs ala bildi. Eyni zamanda o, adətən seçki proseslərinə laqeyd yanaşan müsəlmanları da səfərbər edərək səsverməyə apardı.
Nyu Yorkdakı mer seçkiləri ilə paralel Virciniya və Nyu Cersi ştatlarında qubernator seçkiləri keçirilib. Hər ikisində demokratların qadın namizədləri qalib gəlib. Virciniyada baş prokuror seçkisində də demokrat namizəd qələbə qazanıb. Virciniyada vitse–qubernator vəzifəsinə seçkidə Hindistanın Heydərabad şəhərində doğulmuş Qəzalə Firdövs Haşmi respublikaçı kişi rəqibini məğlub edib. Beləliklə, Q.Haşmi ABŞ-da ştat səviyyəsindəki seçkilərdə qalib gələn ilk müsəlman qadın olub. Mamdani və Haşminin qələbəsi demokratların sıralarında siyasətə qoşulan ABŞ müsəlmanlarının yerli səviyyədə icra və qanunverici hakimiyyət orqanlarında təmsilçiliyinin tədricən artdığını göstərir. Bu tendensiyanın gələcəkdə federal səviyyəyə proyeksiyası qaçılmazdır.
Kaliforniyada keçirilən referendumda isə əhali seçki dairələrinin xəritəsini dəyişdirmək üçün (ABŞ Konqresinə daha çox demokratın seçilməsini təmin etmək məqsədilə) demokrat qubernator Gevin Nyusomun təklifini dəstəkləyib. Bu, Teksasda respublikaçıların anoloji addımına cavabdır. G.Nyusom növbəti prezident seçkilərində namizədliyə iddialıdır.
Tramp demokratların qələbələrini seçki bülletenində Tramp adının olmaması (?) və şatdaun (Konqresin büdcəni razılaşdırmaması ucbatından hökumətin qapanması) ilə əlaqələndirib".
Qeyd edək ki, dünən ABŞ-da Nyu-York şəhəri üzrə keçirilən mer seçkiləri heç də prezident Donald Trampın istəyincə olmayıb. Belə ki, mer seçkisində demokratların namizədi, 34 yaşlı, sosialist meylli müsəlman Zohran Mamdani qalib gəlib.
Tramp dərhal seçkinin nəticəsinə reaksiya verərək, bildirib ki, respublikaçıların bu məğlubiyyətində şatdaun və namizədlərin adı qeyd edilən bülletendə Tramp soyadının olmaması öz sözünü deyib. Tramp həmçinin Mamdaninin qələbəsi fonunda Nyu York şəhərinə federal maliyyələşməni azaldacağı ilə hədələyib. Onu da qeyd edək ki, bu seçki Trampın partiyasının, onun prezident seçilməsindən sonra ilk məğlubiyyətidir.
Rüfət Sultan
Şərhlər