Xəbər lenti

Kanada Trampın ticarət müharibəsinə qarşı Çin və Hindistandan dəstək axtarır
Dünya 14:55 25.10.2025

Kanada Trampın ticarət müharibəsinə qarşı Çin və Hindistandan dəstək axtarır

Kanadanın baş naziri Mark Karni ABŞ ilə artan ticarət gərginliyi fonunda Çin və Hindistanla iqtisadi əlaqələri gücləndirməyə çalışır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Qeyd olunur ki, Karni genişmiqyaslı Asiya turuna çıxıb. O bildirib ki, regionun ölkələri ilə ticarət əlaqələri qurmaq niyyətindədir.

"ABŞ-ın ticarət siyasətini nəzarət edə bilmərik. Nəzarət edə biləcəyimiz şey yeni tərəfdaşlıq münasibətlərinin və imkanların, o cümlədən Asiyanın iqtisadi nəhəngləri ilə əlaqələrin inkişafıdır", deyə Kanada baş naziri Asiyaya səfərdən əvvəl jurnalistlərə bildirib.

Nəşrdə deyilir ki, Karni 26 oktyabrda başlayacaq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) samitinə qatılmaq üçün Malayziyaya, sonra isə Sinqapura səfər edəcək, bundan sonra 29 oktyabrda Cənubi Koreyada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) forumunda iştirak edəcək.

FT qeyd edir ki, bu addım ABŞ və Kanada arasında ticarət münaqişələrinin kulminasiya nöqtəsi olub. Jurnalistlər xatırladıblar ki, əvvəllər Vaşinqton Kanada poladına, alüminiumuna və avtomobillərinə gömrük rüsumları tətbiq edib, Ottava isə cavab olaraq öz əks-tədbirlərini həyata keçirib.

Nəşrdə qeyd olunub ki, 23 oktyabrda ABŞ prezidenti Donald Tramp Kanadaya qarşı bütün ticarət danışıqlarının dayandırılması barədə açıqlama edib. Jurnalistlər izah ediblər ki, buna yəqin ki, Ontario əyaləti tərəfindən başladılan və ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın çıxışının arxiv kadrlarından istifadə edilən reklam kampaniyası səbəb olub. Bu kadrlarda keçmiş amerikan lideri gömrük tarifləri siyasətini tənqid edirdi.

Tramp bu reklamı "fırıldaq" adlandırıb. O, həmçinin Kanadanı Amerika məhkəmələrinin qərarlarına təsir göstərməyə cəhd etməkdə günahlandırıb.

Əlavə olunur ki, APEC samitinin kuluarlarında Karninin çin lideri Şi Szinpin ilə görüşü gözlənilir. Kanada Biznes Şurasının prezidenti Qoldi Heydər jurnalistlərə verdiyi şərhlərdə yeni bazarlar açacaq və investisiyaları cəlb edəcək konkret addımlar gözlədiyini bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->