İşə düzəltmək adı altında 100 nəfərdən çox vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Zahid Muradovla Nailə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Cinayət işinin məhkəmə istintaqı hakim Emin Rüstəmovun sədrliyi ilə aparılacaq.
75 nəfər iş üzrə zərərçəkən kimi tanınıb. Zaur Muradovla Nailə Məmmədova ötən ilin sentyarında Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Adıçəkilən şəxslərin əməlləri ilə bağlı polis idarəsinə şikayətlər daxil olub. Araşdırmalar zamanı məlum olub ki, Zahid Muradovla Nailə Məmmədova "WhatsApp” platformasında saxta "işə düzəltmə” səhifələri yaradıblar.
Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçiriblər.
Zahid Muradovla Nailə Məmmədova Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə mühakimə ediləcək.
Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Seyid
Şərhlər