"Gözləmədikləri halda quyruqlarına basmışıq".
Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı son zamanlar Rusiya mediasının Azərbaycana yönəlik qərəzli açıqlamalarına münasibət bildirərkən deyib.
Onun fikrincə, Kreml təbliğatçıları Azərbaycana qarşı hər zaman informasiya müharibəsi aparıblar:
"Yəni son hadisələr heç də yeni deyil. Rusiya telekanalları Azərbaycan-Ermənistan münasibətlərində hər zaman ölkəmizin əleyhinə çıxış ediblər. Onlar heç zaman ölkəmizin tərəfində olmayıb. Yalandan aradabir soydaşlarımızdan kimisə ekrana çıxarsalar da, ona fikrini bildirməyə belə imkan vermirdilər. Son dövrlər Moskva Azərbaycanla münasibətlərdə "bişirim-bişirim" siyasəti aparırdı. Təyyarəmizin vurulmasına görə Azərbaycan Prezidenti açıq şəkildə fikir bildirərək dedi ki, başımıza torba salıb aldatmaq lazım deyil. Prezident açıq şəkildə qeyd etdi ki, AZAL-ın təyyarəsini Rusiya tərəfi vurub. Ondan sonra kömək etmək, yaxınlıqdakı Rusiya hava limanlarına yönləndirmək əvəzinə, Qazaxıstana göndəriblər. Düşünüblər ki, təyyarə dənizə düşüb batar və səs-səmir də çıxmaz".
Həmsöhbətimiz qeyd edib ki, qazaxıstanlı qardaşlarımız rusların etmək istədiklərinə yaxşı imkan vermədi:
"Rusiya özlərinə sərf edən nəticə əldə edilməsi üçün "qara qutu"nun oxunmasını öz nəzarətilə həyata keçirməyə çalışırdı. Lakin Astana "qara qutu"nu Braziliyaya ötürdü. Putin ömründə üzrhaqlıq etmədiyi bir halda, Azərbaycan Prezidentinə telefon zəngi edərək, guya üzr istəyib. Bildirib ki, Azərbaycana aid mülki təyyarənin Rusiya səmasında vurulmasına mütəssirdir. Azərbaycan Prezidenti isə açıq şəkildə dedi ki, yalanlarla bizi aldatmaq mümkün deyil".
Elçin Şıxlının fikrincə, Prezident həmin açıqlaması ilə dünyaya göstərdi ki, ölkəmiz üçün həqiqət hər şeydən üstündür və biz heç də Rusiyanın yedəyində deyilik:
"Sadəcə olaraq, balanslaşdırılmış siyasət aparırıq. Azərbaycanın milli maraqları heç kimə güdaza verilə bilməz. Rusiya mətbuatı ölkəmizə qarşı informasiya müharibəsi aparacaq. Çünki gözləmədikləri halda quyruqlarına basmışıq".
Qeyd edək ki, AZAL-a məxsus təyyarənin Bakı-Qroznı reysində vurulmasından sonra Rusiya tərəfi Azərbaycana qarşı əsassız və qaydasız informasiya müharibəsinə start verib. Son günlərdə bu cəbhədən gələn müxtəlif ittihamlar, təhqiramiz açıqlamalar və təxribat xarakterli məqalələr artan dinamika ilə yayılmaqdadır.
Rüfət Sultan
Şərhlər