"İranda vətəndaşlar arasında lokal toqquşmalar mümkündür, lakin bunun böyük vətəndaş müharibəsinə səbəb olacağı ehtimalı yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İranda uzun müddətdir davam edən etiraz aksiyalarının genişlənərək vətəndaş müharibəsinə çevrilməsi ehtimalını şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, vətəndaş müharibələri, bir qayda olaraq, bir-birinə qarşı duran iki və ya daha çox ideologiyanın mövcud olduğu və bu ideologiyaları təmsil edən təşkilatlanmış sosial-siyasi qrupların qarşıdurması şəraitində baş verir. İranda isə faktiki olaraq tək bir ideologiya - dini ideologiya hökm sürür.
Qabil Hüseynli qeyd edib ki, bu ideologiya artıq zəifləyib və onun dominant mövqedə olması dünyəvi əsaslara söykənən alternativ ideoloji modellərin formalaşmasına imkan vermir.
"Hazırda İran bir ideologiya ilə idarə olunur. Bu şəraitdə ölkədə yalnız lokal xarakterli toqquşmaların baş verməsi mümkündür və bunu istisna etmək olmaz. Lakin vətəndaş müharibəsinin alovlanması ehtimalı demək olar ki, sıfıra bərabərdir. Belə bir ssenarinin reallaşması üçün heç bir real sosial-siyasi əsas yoxdur", deyə politoloq vurğulayıb.
Qeyd edək ki, artıq bir müddətdir İran daxilində sosial-siyasi gərginlik davam edir. Rejimə qarşı narazı olan kütlələr sərt təzyiqlərə baxmayaraq etiraz aksiyalarını dayandırmayıb.
Onu da vurğulayaq ki, İran beynəlxalq və regional geosiyasi aktorların diqqət mərkəzindədir. Yaxın Şərqin mühüm geosiyasi oyunçularından biri olan bu ölkədə baş verən proseslər regionda ciddi narahatlıq doğurur. Son hadisələr təkcə İranın daxili sabitliyinə deyil, eyni zamanda regional təhlükəsizlik balansına və beynəlxalq güc mərkəzlərinin maraqlarına birbaşa təsir göstərir. Mövcud vəziyyətdə cərəyan edən proseslərin vətəndaş müharibəsinə yol aça biləcəyi barədə fikirlər səslənsə də, bir sıra ekspertlər bu ehtimalı real hesab etmirlər.
Rüfət Sultan
Şərhlər