"Şimal-Cənub Dəhlizinin şərq marşrutunun imkanlarının artması heç də Azərbaycanın həmin dəhliz üzrə tranzit yolu olaraq imkan və payının azalacağı anlamına gəlməməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Rusiyanın Azərbaycandan yan keçməklə Şimal-Cənub Dəhlizinin şərq marşrutu üzrə İrana yük daşımalarına xüsusi önəm verməsini şərh edərkən deyib:
"Ancaq şərq marşrutunun imkanlarının artması heç də o demək deyil ki, bu fonda Azərbaycanın tranzit yolu olaraq payı azalacaq. Bu heç bir halda ölkəmizin Şimal-Cənub Dəhlizindən tamamilə kənarda qalması anlamına gəlməyəcək".
Ekspertin fikrincə, bütün hallarda dəhlizin ölkəmizdən keçən hissəsi ən azından hazır infrastruktur baxımından Azərbaycandan keçən dəhlizi daha elastik edir. İqtisadçı Rusiya ərazisinin mühüm hissəsinin Asiyada yerləşdiyini nəzərə alaraq, onun məhsulların daşınmasında Qazaxıstan və Türkmənistan marşrutuna önəm verməsinə də normal yanaşır:
"Nəzərə almaq lazımdır ki, Rusiya ərazisinin mühüm bir hissəsi Asiya qitəsinə düşür. Bu mənada Şimal-Cənub Dəhlizi üzrə tranzit xəttinin Qazaxıstan və Türkmənistan üzərindən İrana çıxması da mümkündür. Rusiyanın şərq ərazilərində istehsal olunan məhsulların sözügedən dəhlizin şərq marşrutundan keçməsi əslində yol baxımından kifayət qədər az vaxt deməkdir. Çünki Rusiya üçün Sibir istiqamətindən gələn məhsulların məhz bu istiqamətdən getməsi zaman baxımından daha əlverişlidir. Hər bir halda istənilən ölkə zaman və qiymət baxımından ən əlverişli yolları seçir".
Qeyd edək ki, Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb. Rusiya tərəfinin məlumatına görə, 62 ədəd 40 futluq konteyner daşıyan qatar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə edərək Qazaxıstan və Türkmənistandan keçməklə 13 gün ərzində təyinat yerinə, İranın Aprin şəhərinə çatıb. Bu istiqamətdə qatarların həftədə iki-üç dəfə hərəkət etməsi gözlənilir. Ekspertlər iddia edir ki, qarşıdakı üç il ərzində həmin marşrut boyunca illik yük daşımalarının həcmi 15-20 faiz artacaq. Anoloji olaraq ixracatçıların nəqliyyat xərclərinin 10-15 faiz azalacağı da proqnozlaşdırılır.
Xatırladaq ki, Şimal-Cənub Dəhlizinin Azərbaycandan keçən hissəsi də mövcuddur. Hansı ki, mütəxəssislər tərəfindən dəhlizin məhz bu marşrutunun daha cəlbedici olduğu dəfələrlə vurğulanıb.
Rüfət Sultan
Şərhlər