Gürcüstan prezidenti Salome Zurabişvili Ukrayna prezidenti Volodimir Zelenskinin "Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili və 19 Gürcüstan rəsmisinə qarşı sanksiya tətbiq etmək qərarını təbrik edib.
Bu barədə Qaynarinfo X sosial şəbəkəsində açıqlamasına istinadən xəbər verir.
Öz mesajında Zurabişvili Zelenskinin videomüraciətini yayıb və Ukrayna liderinin qərarını tam dəstəklədiyini bildirib: "Bundan daha yaxşı deyilə bilməzdi”.
O, həmçinin Zelenskiyə bu addımına görə təşəkkür edib və Rusiyanın Qara dəniz regionu üçün yaratdığı təhlükəni qeyd edib.
"Rusiya Qara dənizə nəzarəti bərpa etməyə çalışır”, - Zurabişvili bildirib.
Xatırladaq ki, bu gün, dekabrın 5-də Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının İvanişvili və onun ətrafına qarşı sanksiyaların tətbiqi barədə qərarını qüvvəyə mindirən, Avropa və Amerika hökumətlərini bu cür hərəkətlərə qoşulmağa çağıran fərman imzalayıb.
Bu qərarı Ukrayna tərəfi ölkənin Avropaya inteqrasiyasının ləngiməsi səbəbindən Tbilisidə başlayan etiraz aksiyalarının dağıdılması zamanı İvanişvili hökuməti tərəfindən çoxsaylı vətəndaş hüquqlarının pozulmasına cavab olaraq qəbul edilib.
Sanksiya siyahısına aşağıdakılar daxildir:
Bidzina İvanişvili - Gürcüstanın keçmiş baş naziri;
Qriqol Liluaşvili - Gürcüstan parlamentinin üzvü;
Kaxaber Kaladze - Tbilisi meri;
Mixail Çinçaladze - Gürcüstan Apellyasiya Məhkəməsinin sədri;
Mamuka Mdinaradze - "Gürcü arzusu" partiyasının icraçı katibi;
Vaxtanq Qomelauri gürcü siyasətçidir, əvvəllər 2019-cu ilin sentyabrından Gürcüstanın Daxili İşlər Naziri və Təhlükəsizlik Xidməti vəzifələrində çalışıb;
Otar Partsxaladze ABŞ sanksiyaları altında olan Gürcüstanın keçmiş baş prokuroru;
İrakli Ruxadze - İmedi televiziya şirkətinin sahibi;
Levan Murusidze - hakim və Gürcüstan Ali Ədliyyə Şurasının üzvü;
Viktor Caparidze - "Gürcü arzusu"ndan deputat;
Dimitri Samxaradze - "Gürcü arzusu"ndan deputat
Giorgi Xaindrava - keçmiş nazir;
İrakli Kobaxidze - Gürcüstanın baş naziri.
Həmçinin Ukrayna məhdudiyyətlərinə Giorgi Kobaxidze, Zviad Şalamberidze, Şalva Tadumadze, Tea Tsulukiani, İrakli Karseladze, Kaxa Bekauri də məruz qalıb.
Qeyd olunur ki, sanksiyalar 10 il müddətində qüvvədə olacaq.
Nizami Bağırov
Şərhlər