"Zurabişvilinin "rejimin devrilməsi" bəyanatı sadəcə hakimiyyətə hədə-qorxu gəlmək və gündəmdə qalmaq məqsədi daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Gürcüstan prezidenti Salome Zurabişvilinin Gürcü Arzusu Partiyası ilə müxalifət arasında yeni parlament seçkilərinin təyin edilməsiylə bağlı kompromis əldə olunmasa, Gürcüstanın "rejimin devrilməsi" ilə üzləşəcəyi bəyanatını şərh edərkən deyib.
Azər Qasımov bildirib ki, Zurabişvilinin müxalifətin gücünü şişirtdiyi açıq görünür:
"Onun "rejimin devrilməsi" bəyanatı sadəcə hakimiyyətə hədə-qorxu gəlmək məqsədi daşıyır. Müxalifətin çevriliş etmək potensialı yoxdur. "Gürcü Arzusu" hakimiyyəti öz gücünə o qədər arxayındır ki, mitinq edən müxaliflərin qarşısına əks fikirli insanları, yəni öz tərəfdarlarını belə çıxarmağa ehtiyac duymur. Əvvəlki dövrlərdə belə proseslər olmuşdu. Müxalifət mitinq edəndən sonra hakimiyyətin tərəfdarları da mitinq keçirirdilər. İndiki halda isə iqtidar buna ehtiyac görməyib".
Ekspert qeyd edir ki, Zurabişvilinin dekabrın 29-na kimi yeni seçki və ya rejimin devriləcəyi ultimatumu artıq cinayət xarakterli bəyanatdır:
"Hesab edirəm ki, bu açıqlaması dekabrın 29-dan sonra onun həbs edilməsinə əsas yaradacaq".
Politoloqun fikrincə, güc strukturlarından ən azı biri müxalifətin tərəfinə keçməyincə və ya onların hadisələrə neytrallığı baş verməyincə iqtidar alternativlərinin çevriliş etmək imkanı yoxdur:
"Zurabişvili artıq keçmiş fiqurdur. O, sadəcə gündəmdə qalmaq üçün çalışır. Hesab edirəm ki, Gürcüstandakı proseslər Trampın inaqurasiyasına kimi artan xətt üzrə inkişaf edəcək. Gürcü müxalifəti son addımlarını atacaq. Amma onların Gürcüstan dövlətinin gələcəyinə fərqli baxışının nəticələri gürcü xalqı üçün yaxşı heç nə vəd etmir".
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili hakim Gürcü Arzusu Partiyası ilə müxalifət yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı kompromis əldə etməsələr, bu halda Gürcüstan "rejimin devrilməsi" ilə üzləşəcəyini bəyan edib. O, bunu "İnterpressnews"a videomüraciəti zamanı deyib.
"Böhran elə bir mərhələyə çatıb ki, bizim başqa seçimimiz qalmayıb", deyə prezident bildirib. Zurabişvili hesab edir ki, mövcud vəziyyətin iki həll yolu var:
"Ya dekabrın 29-na qədər yeni seçkilər keçirmək və seçicilərin etimadını bərpa etmək", ya da indiki rejimi devirmək".
Rüfət Sultan
Şərhlər