Göy qurşağı - demək olar ki, hər kəsin şahidi olduğu, təbiətin ən gözəl hadisələrindən biridir. Lakin bir çoxları onun necə yarandığını tam anlamır. Əslində, göy qurşağının yaranması üçün xüsusi və nadir şərait tələb olunmur və istəsəniz, bu təbiət hadisəsini hətta öz həyətinizdə də süni şəkildə yarada bilərsiniz.
Qaynarinfo xəbər verir ki, "National Geographic" elmi portalının izahına görə, göy qurşağı fiziki bir obyekt və ya atmosfer hadisəsi deyil, optik illüziyadır. Yəni, göy qurşağı əslində "mövcud" deyil, biz onu yalnız günəş işığının yağış damcıları ilə dolu atmosferdəki mürəkkəb oyununu müşahidə edərkən görürük.
Göy qurşağını görmək üçün düzgün mövqe tutmaq lazımdır: işıq mənbəyi (günəş və ya güclü bir lampa) arxanızda olmalı, qarşınızda isə yağış damcıları, duman və ya su axını kimi rütubətli hava olmalıdır. Bu zaman, işığın su damcılarından keçərək qırılması və əks olunması nəticəsində göy qurşağını müşahidə etmək mümkündür.
Göy qurşağı niyə yarımqövs kimi görünür?
Göy qurşağının yaranma səbəbi işıq şüalarının bir mühitdən (havadən) digərinə (su damcısına) keçərkən qırılması və dağılmasıdır. Bu proses damcıların içərisində bir neçə dəfə baş verir və hər damcı göy qurşağının özünəməxsus kiçik bir hissəsini yaradır.
Əslində, göy qurşağı tam dairə formasındadır, lakin müşahidəçinin yer səviyyəsində olması səbəbindən onun yalnız yuxarı yarısı görünür. Əgər bu hadisə yüksək nöqtədən, məsələn, təyyarədən müşahidə olunarsa, tam dairəvi göy qurşağını görmək mümkündür.
Göy qurşağı niyə rənglidir?
Məktəbdən bəri bildiyimiz kimi, ağ işıq bütün rənglərin qarışığından ibarətdir. Hər bir rəngin özünəməxsus dalğa uzunluğu var. Ağ işıq su damcısından keçərkən bu dalğa uzunluqlarına görə müxtəlif bucaqlarda qırılır. Məsələn, qırmızı işıq - görünən işıq spektrində ən uzun dalğa uzunluğuna (təxminən 650 nanometr) malikdir və göy qurşağının xarici hissəsində görünür. Bənövşəyi işıq isə ən qısa dalğa uzunluğuna (təxminən 400 nanometr) sahibdir və qövsün daxili hissəsində yerləşir.
Nəticədə, ağ işıq yağış damcılarından keçərkən ayrı-ayrı rənglərə ayrılır və biz onu rəngli qövs formasında görürük.
Aydın
Şərhlər