Xəbər lenti

Ermənistan Vaşinqton razılaşmasını niyə pozur? (ŞƏRH)
Siyasət 12:34 28.08.2025

Ermənistan Vaşinqton razılaşmasını niyə pozur? (ŞƏRH)

"Paşinyan üçün seçkilər ərəfəsində bu mövzu ilə bağlı yekun sənədi qəbul etmək o qədər də sərf etmir. Ona görə də o, "Tramp marşrutu”nun açılması məsələsini uzadacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli Vaşinqton görüşü fonunda razılaşdırılan Zəngəzur dəhlizinin ("Tramp marşrutu”) 99 illiyə icarəyə verilməsilə bağlı yayılan məlumatların hələlik heç bir reallığa uyğun olmadığı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib. 

"Görünür, Vaşinqton görüşünün nəticələri Ermənistanda daxili siyasətin əsas mövzularından biri olub. Bu fonda gözləniləndir ki, erməni müxalifəti bu və ya digər şəkildə həmin görüşün nəticələrini tənqid atəşinə tutacaq”, deyə Tofiq Zülfüqarov qeyd edib. 
 


Sabiq nazir düşünür ki, məhz buna uyğun olaraq, Mirzoyan da müxalifəti çaş-baş salmaq üçün ziddiyyətli bəyanatlar verərək, hələ bu istiqamətdə danışıqlar aparıldığı, bu və ya digər şərtlərin hələ də müzakirə olunduğunu bildirir:

"Yəni o, demək istəyir ki, sənədin tam hazır olmasına hələ çox var. Bu, bir növ həm də ona işarədir ki, daxili siyasi məntiqə görə, Paşinyan adminstrasiyasına seçkilər ərəfəsində mövzu ilə bağlı yekun sənədi qəbul etmək o qədər də sərf etmir. Ona görə sözügedən məsələni İrəvan uzadacaq”. 

Həmsöhbətimiz bildirir ki, Ermənistanın siyasəti müxtəlif kənar qüvvələrin təzyiqi altındadır: 

"ABŞ-ın "Tramp marşrutu”nun açılmasını istəyir. Lakin Rusiya ilə İran bunun tərəfdarı deyil. Bu baxımdan, İrəvan rəsmilərinin eyni anda iki-üç stulda oturmaları adət halını alıb. Hər halda Ermənistan heç bir tərəfə yox demək istəməyəcək və hansısa mövzuları ortaya atmaqla prosesin uzadılmasına çalışacaq”. 

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Vaşinqtonda Zəngəzur dəhlizilə bağlı imzalanan sənədlə bağlı ziddiyyətli fikir səsləndirilib. Belə ki, o Ermənistan ərazisindən keçəcək "Tramp marşrutu”nun 99 illik icarəsi ilə bağlı yayılan məlumatların hələlik heç bir reallığa uyğun olmadığını bildirib. "Niyə hələlik deyirəm? Çünki bir daha qeyd etmək istəyirəm ki, razılaşmalar yalnız yazılıb dərc edilən sənədlərlə bağlıdır. Vaxt və texniki detallar hələ müzakirə olunmalıdır”, deyə o bildirib. 

Nazir həmçinin qeyd edib ki, infrastrukturun keçəcəyi torpaq Ermənistan Respublikasına məxsus olacaq və ölkə bu marşrutun üzərində nəzarət və təhlükəsizliyi təmin edəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->