Xəbər lenti

Əlcəzairli boksçu Mask, Tramp və Roulinqdən şikayət verdi
Dünya 15:02 14.08.2024

Əlcəzairli boksçu Mask, Tramp və Roulinqdən şikayət verdi

Olimpiya Oyunlarında cinsi qalmaqalda adı hallanan əlcəzairli boksçu İman Xəlif Paris prokurorluğuna X (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi İlon Mask və ulduz yazıçı Coan Roulinqdən şikayət verib.

Qaynarinfo xəbər verir ki, boksçunun vəkili Nabil Budi "Variety"yə bildirib ki, iddia X-ə qarşı qaldırılıb və bu, Fransa qanunlarına görə naməlum şəxslərə qarşı verildiyi anlamına gəlir.

"Bu, prokurorların bütün insanları, o cümlədən təxəllüslə nifrət dolu mesajlar yazmış şəxsləri araşdırmaq üçün tam azadlığa malik olmasını təmin edir.

İddiada Con Roulinq və İlon Maskın adı çəkilir. Tramp tvit atıb, buna görə də iddiamızda onun adı çəkilib-çəkilməməsindən asılı olmayaraq ittihamın bir hissəsi hesab olunacaq. Xahiş edirik ki, prokurorluq təkcə bu şəxsləri deyil, lazım bildiyi şəxsləri də araşdırsın. Əgər iş məhkəməyə gedərsə, onlar məhkəmə qarşısına çıxacaqlar”, - Nabil bildirib.
Vəkil həmçinin bildirib ki, şikayət Fransada verilsə də, xaricdəki şəxslərə qarşı ola bilər və qeyd edib ki, "İnternetdə nifrətlə mübarizə mərkəzi digər ölkələrlə qarşılıqlı hüquqi yardım sorğuları göndərmək imkanına malikdir”.

Xatırladaq ki, Xəlif 2024-cü il Olimpiadasında italiyalı Anjela Karinini 46 saniyəyə məğlub etdikdən sonra qalmaqala düşüb. Karini heç vaxt belə güclü zərbələr almadığını deyərək mübarizəni davam etdirməkdən imtina edib.

Bundan sonra sosial şəbəkələrdə Xəlifin uğursuz "gender testi”nə görə keçənilki Dünya çempionatından diskvalifikasiya edildiyi xatırlanıb.  Beynəlxalq Boks Assosiasiyasının (İBA) rəhbəri rusiyalı Umar Kremlyov testlərin nəticələrinə görə Xəlifdə kişi XY xromosomlarının aşkar edildiyini bildirib.

Xəlif qadın kimi doğulub və heç vaxt trans olaraq özünü təqdim etməyib. Bəzi qadınlarda cinsi inkişaf səbəbiylə XY xromosomları və yüksək testosteron səviyyələri olur. 

İBA-nı tanımayan BOK Xəlifin bütün tibbi tələbləri yerinə yetirdiyini qeyd edərək, 2024-cü il Olimpiadasında iştirakına icazə verib. Buna baxmayaraq, əlcəzairli Parisdə keçirilən Oyunlar zamanı təqib və təhqirlərlə üzləşib.

Sərt ifadələrin əksəriyyəti X sosial şəbəkəsində dərc olunub. Məsələn, britaniyalı yazıçı, Harri Potter kitablarının müəllifi Coan Roulinq qalmaqala belə reaksiya verib:

"Mənə izah edin, sizin əyləncəniz üçün kişinin camaat arasında qadını döyməsi nə üçün yaxşıdır? Bu, idman deyil. Bunlar qadınlar üzərində hakimiyyətdən həzz alan kişilərdir”, - Roulinq yazıb.

İlon Mask və Donald Tramp da oxşar fikirlərlə X sosial şəbəkəsində statuslar yazıblar.

Qeyd edək ki, Parisdə Xəlif 66 kq çəki dərəcəsində olimpiya çempionu olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->