Ədalət Partiyası yeni qurultayın keçirilməsi ilə bağlı qərar verəcək.
Bunu Qaynarinfo-ya sözügedən partiyanın təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimli deyib. O bildirib ki, nizamnaməyə görə, partiyanın sədri qurultayda seçilməlidir:
"Martın 31-də Ədalət Partiyasının eks sədri, mərhum İlyas İsmayılovun qırx mərasimi keçirilib. Partiya üzvlərindən bir qrupu əvvəlcə İlyas müəllimin məzarını ziyarət edib, əklil qoyub, ruhuna dualar oxuyublar. Mənəvi dəyərlərimiz Ədalət Partiyasında yüksək tutulduğundan, biz indiyədək nə yeni sədr, nə də qurultay haqqında müzakirələr aparmışıq”.
Mütəllim Rəhimli yalnız bundan sonra qurultayın keçirilməsi ilə bağlı qərarın qəbul edilməsini mümkün sayır:
"Çox güman ki, yaxın günlərdə partiya rəhbərliyinə daxil olan şəxslər toplaşıb qərar verəcəklər”.
Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov 2024-cü ilin sonlarında insult keçirib. Reanimasiyaya yerləşdirilən partiya sədri 2025-ci ilin yanvarında komaya düşüb.
İlyas İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib. O, Nardaran qəbiristanlığında dəfn olunub.
Bahar Rüstəmli
Şərhlər