Yer kürəsinin bioloji tarixi deyildikdə adətən dinozavrların məhvi yada düşür. Lakin fosil qeydlərinin dərinliklərində daha qədim və daha sarsıdıcı bir hadisə gizlənir. Alimlər təxminən 550 milyon il əvvəl baş vermiş və canlı müxtəlifliyini demək olar ki, sıfırlamış böyük bir dönüş nöqtəsini araşdırır.
Qaynarinfo xəbər verir ki, müasir heyvan qruplarının hələ mövcud olmadığı bu dövrdə okean diblərini dolduran qəribə formalı canlılar "Kotlin böhranı” adlandırılan hadisə nəticəsində yoxa çıxıb. Elmi ədəbiyyatda bir hadisənin "kütləvi məhv” sayılması üçün növlərin ən azı 75 faizinin yox olması tələb olunur. Uzun müddətdir bu meyara uyğun beş böyük hadisə məlum idi. Lakin Kanadanın Nyufaundlend bölgəsində yerləşən Inner Meadow ərazisindən əldə olunan yeni tapıntılar bu siyahını yeniləyə bilər.
Vulkanik kül qatlarının qoruyucu təsiri ilə günümüzə qədər gəlib çatan fosillər göstərir ki, 550 milyon il əvvəl canlıların təxminən 80 faizi qısa müddətdə yox olub. Bu göstərici həmin dövrü Yer tarixinin ən erkən və ən dağıdıcı kütləvi məhvlərindən birinə çevirir. Hətta bu hadisənin planetin ilk kütləvi yox olma hadisəsi kimi tanınacağı ehtimal edilir.
Bu faciənin diqqətçəkən tərəflərindən biri də onun zamanlamasıdır. Milyonlarla il ərzində nisbətən sabit inkişaf edən dəniz həyatı bu hadisə ilə qəfil dayanma mərhələsinə daxil olub. Bununla belə, bu məhv prosesi yeni imkanların yaranmasına da səbəb olub. Ediakara faunası kimi tanınan yumşaq bədənli canlıların yox olması nəticəsində yaranan boşluq "Kembri partlayışı” üçün zəmin yaradıb. Müasir mürəkkəb heyvan qruplarının əcdadları məhz bu ekoloji boşluq sayəsində inkişaf imkanı əldə edib.
Tədqiqatçılar bu kütləvi məhvin dəqiq səbəbini hələ müəyyənləşdirə bilməyib. Meteor toqquşması və ya güclü vulkanik fəaliyyət kimi ehtimallar araşdırılsa da, hadisənin əsas səbəbi hələ də sirr olaraq qalır.
Aydın
Şərhlər