Xəbər lenti

Xala və bacıqızı
Ölkə 14:12 18.03.2026

Xala və bacıqızı "Zara" mağazasından oğurluğa görə saxlanıldı - Biri cəzalandırıldı

"Gənclik Mall" Ticarət Mərkəzinin birinci mərtəbəsindəki "Zara" mağazasından oğurluqda şübhəli bilinən iki xanım saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, onlardan biri - 1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli D.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Təqsirləndirilən şəxsin hadisəyə görə bacısı qızı G.M. ilə birlikdə saxlanıldığını deyib. O, özünü və bacısı qızını təqsirli bilməyərək deyib ki, bacısı qızı və özünün övladları ilə birlikdə geyimlərə baxmaq üçün "Zara"ya daxil olublar. Bir neçə kofta götürüb geyinmək üçün paltardəyişmə otağına keçmək istədikdə orada adamlar olduğunu görərək gözləməli olublar. G.M. bir gödəkçə geyinib və xoşu gəldiyini ona deyib. Həmin gödəkçənin birini də o, götürüb. Təqsirləndirilən şəxs G.M.-ya kofta geyinməsini və onun üstündən gödəkçəni geyinərək yoxlamasını deyib. Bu zaman uşaqlarının əlləri şokaladla bulaşdığı üçün mağazanın qapısından bir addım qədər çıxaraq ayaqyolunun yerini G.M.-yə göstərib və aparıb əllərini yumasını istəyib. 

Bu zaman qapı siqnal verib, mühafizəçi ona yaxınlaşıb və çantasına baxmaq istədiyini deyib. O, əli şokaladlı olduğu üçün koftanı çantaya qoyduğunu, bunu mühafizəçiyə dediyini, gödəkcənin isə əlində olduğunu bildirib. Mühafizəçiyə getmək fikrinin olmadığını, paltardəyişmə otağını gözlədiyini, geyinib yoxlayacağını deyib. Lakin mühafizəçi onları saxlayıb və nəzarətçiyə zəng edib. Nəzarətçi də gəlib polisə məlumat verib. Qadın bildirib ki, mağazadan hər hansı oğurluq etmək niyyətləri və ya planları olmayıb. Götürdüyü geyimləri geyinib yoxlayacaqmış, xoşuna gəlsə almağı düşünürmüş. Lakin, mağaza tərəfindən bu cür hörmətsizlik olunduğu üçün geyimləri almaqdan imtina edib. O, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. 

Məhkəmədə "Zara" mağazasına mühafizəçi vəzifəsində çalışan R.T izahatında bildirib ki, 2 müştərini ümumi dəyəri 397 manat olan geyimlərin 2 ədədinin etiketini çıxarmaqla, bir ədədinin isə etiketi ilə birlikdə ödəniş etmədən, mağazadan çıxan zaman aşkar edərək polisə məlumat verib. O, həmin şəxslər barəsində qanuni tədbir görülməsini və mağazaya dəymiş ziyanın ödənilməsində köməklik edilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Aydın
--> -->