Xəbər lenti

Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı
Dünya 10:23 09.07.2025

Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı

Yeni bir araşdırma nəticəsində dünyada yumor anlayışına görə ən gülməli ölkələrin siyahısı tərtib edilib. 

Qaynarinfo xəbər verir ki, sürpriz şəkildə siyahının birinci pilləsində Çexiya qərarlaşıb. ABŞ və İngiltərə isə gözlənilənin əksinə olaraq son sıralarda yer alıb.

30 müxtəlif ölkədən 6 min nəfərin qatıldığı araşdırmada iştirakçılara "yumor üslubları anketi" adlı psixoloji test tətbiq olunub. Bu test insanların yumoru hansı formada və hansı səviyyədə istifadə etdiyini ölçmək məqsədi daşıyıb.

Test zamanı iştirakçılar belə ifadələrlə nə dərəcədə razı olduqlarını qiymətləndiriblər:

* "Bəzən o qədər gülməli fikirlər ağlıma gəlir ki, uyğun olmasa da paylaşmaq istəyirəm".
* "Kimsə səhv etdikdə onunla lağ etməkdən çəkinmirəm".
* "İnsanları güldürmək üçün çox səy göstərmirəm; təbii yumor hissim olduğu görünür".

Alınan nəticələr əsasında ölkələrin orta yumor balı hesablanıb. Ən yüksək mümkün bal 112 olub.

İlk üçlük

1. Çexiya (72.3 bal): Zirvədə qərarlaşan Çexiya iti ironiyası, yerində sarkazmı və özünə yönəlmiş yumorla diqqət çəkib. Çexiyalıların zarafatları ağıllı, incə və gözlənilməz hesab olunur.

2. Portuqaliya (71.4 bal): Portuqaliya xalqı mehribanlıq və sosial zəkayla birləşmiş yumor anlayışı ilə seçilir. Tədqiqatçılar portuqaliyalıların gərginliyi azaltmaq və alaya yumor qatmaq mövzusunda bacarıqlı olduqlarını vurğulayıblar.

3. İrlandiya (71.2 bal): İrlandiyanın güclü hekayəçilik mədəniyyəti, emosional zəka və səmimiyyətlə qarışan yumoru onu üçüncü sıraya daşıyıb.

Digər diqqətçəkən ölkələr

Belçika, Çili və Yunanıstan 71.1 balla 4-cü yeri paylaşır:

* Belçika balanslı və incə zəkaya əsaslanan yumor tərzi ilə tanınır.
* Çilidə yumor ailə və sosial bağlar ətrafında formalaşır.
* Yunanıstan isə Aralıq dənizi təbiətini zəka və təvazökarlıqla birləşdirir.

İngiltərə 69.5 balla yalnız 18-ci yerdə qərarlaşıb. Rikki Qervais və Riçard Ayoade kimi tanınmış komediyaçılarına baxmayaraq, britaniyalıların quru və özünü alçaldan yumor tərzi daha az bəyənilib.

ABŞ isə siyahıda 29-cu pillədə yer alıb. Araşdırmaya görə, amerikalılar yumoru daha çox şəxsi inkişaf vasitəsi kimi istifadə edirlər.

Araşdırmanı həyata keçirən rəqəmsal maliyyə xidmətləri şirkəti "Remitly"dən Rayan Rayli bildirib: "Yumor insanlar arasında universal bağ yaradır. Yeni bir ölkədə və ya iş yerində yumor buzları sındırmağın ən sürətli yoludur. Mədəni yumor fərqlərini anlamaq mənsubiyyət hissini artırır".

Araşdırma həmçinin cinsiyyətlər arasında yumor tərzi fərqlərini də üzə çıxarıb. Kişilər vizual və fiziki komediyaya daha çox maraq göstərir. Qadınlar isə ailədaxili münasibətlər və siyasi mövzulara dair zarafatlara üstünlük verir.
 


Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->