Xəbər lenti

CPJ Zelenskinin Ofisinə çağırış etdi:
Dünya 12:22 11.10.2024

CPJ Zelenskinin Ofisinə çağırış etdi: "Ukrainskaya Pravda"ya qarşı təzyiqi dayandırın

Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) bəyan edib ki, Ukrayna hakimiyyəti müstəqil nəşr olan "Ukrainskaya Pravda"ya (UP) maneə yaratmağı dayandırmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə CPJ-nin bəyanatında deyilir.

"Ukraynanın aparıcı müstəqil mediası olan "Ukrainskaya Pravda" dörddə bir əsrlik fəaliyyəti dövründə hadisələri diqqətlə işıqlandırdığı üçün yüksək qiymət ödəyib. Ukrayna Prezident Ofisinin nəşrin işinə mane olmağa yönəlmiş səyləri, redaksiyanın mətbuat azadlığını qorumaq kimi əsas milli dəyərlərə verdiyi əhəmiyyəti nəzərə alaraq, antidemokratik hərəkətdən başqa bir şey deyil", - CPJ-in Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Gülnoza Said deyib.

"Ona görə də Ukrayna hakimiyyəti heç vaxt jurnalist araşdırmalarına, nə müharibə, nə də sülh dövründə, mane olmamalıdır".

Qeyd: "Ukrainskaya Pravda" 9 oktyabrda bəyanat yayaraq bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi onlara qarşı "daimi və sistematik təzyiq" göstərir və müəyyən jurnalistlərlə rəsmilərin ünsiyyətinə qadağa qoymağa çalışır.
"Ukrainskaya Pravda"nın proqram direktoru Andrey Bıstrov CPJ-yə bildirib ki, dövlət məmurları mütəmadi olaraq müəyyən məsələlərlə bağlı nəşr ilə ünsiyyət qurmamağa dair göstərişlər alırlar.

Nəşr, Prezident Ofisinin eyni zamanda özəl şirkətlərə reklam verməmək üçün təzyiq etdiyini və bəzi reklam verənlərin Prezident Ofisindən gələn telefon zənglərindən sonra reklamlarını dayandırdığını iddia edib.

Bıstrovun sözlərinə görə, məlumatların bloklanması səyləri "adətən Ukraynadakı siyasi vəziyyətlə bağlı diqqət çəkən jurnalist araşdırmaları və analitik məqalələrin dərc edilməsindən sonra aktivləşir.

Zelenski ilə "Ukrainskaya Pravda" jurnalisti Roman Kravts arasında avqust ayında baş tutan emosional söhbətdə Zelenski nəşri digər siyasi qüvvələrdən xəbərlərin işıqlandırılması ilə bağlı "təlimatlar" adlanan göstərişlər almaqda ittiham edib.

"Ukrainskaya Pravda"nın baş redaktoru Sevgil Musayeva belə bir praktikanı inkar edir.

CPJ-nin bəyənatında deyilir: 

"2000-ci ildən nəşrin fəaliyyətə başlamasından bəri "Ukrainskaya Pravda" ilə çalışan iki jurnalist, Georgi Qonqadze və Pavel Şeremet, işləri ilə bağlı öldürülüb; Musayeva da daxil olmaqla digər jurnalistlər işləri ilə bağlı maneələr və təhdidlərə məruz qalıblar. Bundan əlavə, bir çox digər ukraynalı araşdırma jurnalistləri də Rusiya tammiqyaslı təcavüzü zamanı işləri ilə bağlı izlənmə, zorakılıq və hədələmə halları ilə qarşılaşıblar."

Komitə əlavə edib ki, CPJ Zelenskinin ofisinə şərh üçün müraciət edib, lakin hələ də cavab almayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->