"Bu telefon danışığı baş tutsa da, Avropa liderlərinin Trampa təsir etmək imkanları yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə 4 Avropa ölkəsinin ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinllə telefon danışığı ərəfəsində Donald Trampla danışmaq niyyətlərini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, 4 Avropa ölkəsi liderinin Trampın Putinlə telefon danışığı ərəfəsi onunla danışmaq istəkləri gerçəkləşsə belə, onların ABŞ prezidentinin mövqeyinə təsir imkanları sıfra bərabərdir:
"Bu danışıqlarda Avropa liderləri Trampdan güman ki, Putinə qarşı münasibətdə daha qətiyyətli olmağı, ona təzyiq göstərməyi xahiş edəcəklər. Lakin Tramp heç də onların məsləhəti, istəyilə oturub-duran şəxs deyil. Onun öz ambissiyaları var və yürütdüyü siyasətdə heç bir məntiq yoxdur. Ona görə də Trampın Ukrayna məsələsində Avropa ölkələri liderlərinin istəklərinə uyğun davranıb davranmayacağını heç kim deyə bilməz. Ciddi təhlilçilər onun hərəkətlərini təhlil etmir".
Qeyd edək ki, Almaniya, Böyük Britaniya, Fransa və Polşa liderləri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə bazar ertəsi planlaşdırılan telefon danışığından əvvəl onunla danışmaq niyyətindədirlər. Bu barədə Almaniya kansleri Fridrix Merz məlumat verib.
Merzin sözlərinə görə, o, artıq bu planı ABŞ dövlət katibi Marko Rubio ilə Roma Papası XIV Levin inaqurasiya mərasimi zamanı kuluarlarda müzakirə edib.
"Marko Rubio ilə, əsasən sabahkı danışıqla bağlı danışdım. Razılaşdıq ki, bu danışığa (Putinlə) hazırlıq çərçivəsində dörd ölkənin liderləri və ABŞ prezidentinin iştirakı ilə yenidən müzakirə aparaq", deyə Merz jurnalistlərə bildirib.
Rüfət Sultan
Şərhlər