Bu Sevgililər günündə aldığınız buket çox güman ki, yerli gül mağazasına və oradan da sevdiyiniz insana çatmazdan əvvəl minlərlə kilometr yol qət edəcək. Əksər hallarda çiçəklər təyyarə yük bölmələrində və ya soyuduculu yük maşınlarında daşınır.
Qaynarinfo xəbər verir ki, ABŞ-da təzə kəsilmiş çiçəklərin böyük hissəsi Kolumbiya və Ekvadordan idxal olunur. Qızılgüllər, xrizantemlər və qərənfillər ən çox gətirilən üç növdür. Ən intensiv daşınma dövrləri isə Sevgililər günü və Analar gününə təsadüf edir. Kolumbiyadan hər il idxal edilən çiçəklərin təxminən 30 faizi məhz bu günlər ərəfəsində ABŞ-a çatdırılır.
2026-cı il Sevgililər günü üçün yalnız bir aviaşirkət Kolumbiya və Ekvadordan 19 min tondan çox çiçək daşıyıb ki, bu da əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir.
Qızılgüllər kəsilir və yarış başlayır
Bir qızılgülün yetişməsi təxminən 15 həftə çəkir. Kəsildiyi andan isə zamanla yarış başlayır. Təravətini qorumaq üçün çiçəklər soyudularaq "yuxu” vəziyyətinə salınır və soyuduculu maşınlarla hava limanına aparılır. Oradan isə, məsələn, Mayamiyə uçan təyyarələrə yüklənir.
14 fevraldan əvvəlki həftələrdə hər gün 30-dan çox reys Kolumbiyadan Mayamiyə çiçək daşıyır. Təxminən dörd saatlıq uçuşdan sonra çiçəklər anbarlara yerləşdirilir, gömrük yoxlamasından keçir və daha sonra ölkə daxilində yenidən soyuduculu nəqliyyat vasitələri ilə paylanır.
Beləliklə, qızılgüllər mağazalara çatanda onların kəsilməsindən cəmi 48 saat keçmiş olur. Bu sürətli və fasiləsiz logistika zənciri isə təbiətə ciddi təsir göstərir.
Təzə çiçəklərin böyük karbon izi var
Bu proses təkcə ABŞ üçün xarakterik deyil. Hər gün çiçəklərlə dolu təyyarələr dünyanın müxtəlif istiqamətlərinə uçur: Kolumbiyadan xrizantemlər Yaponiyaya, Keniyadan qızılgüllər İngiltərəyə, Ekvadordan qərənfillər Rusiyaya göndərilir.
İdxal edilən kəsilmiş çiçəklər eyni emissiya-intensiv mərhələlərdən keçir: iqlimə nəzarət olunan istixanalar, soyuduculu yük maşınları və uzun məsafəli, aşağı temperaturda həyata keçirilən aviauçuşlar. Nəticədə təzə çiçəklər 34 milyard dollarlıq qlobal sənayenin bir hissəsi olaraq böyük karbon izi yaradır.
Mütəxəssislər bildirirlər ki, digər tez xarab olan məhsullarla müqayisədə çiçəklər iqlimə ən çox zərər verən məhsullar sırasındadır. Çünki bir çox digər məhsullar əsasən dəniz yolu ilə daşınır və bu, hava nəqliyyatı ilə müqayisədə xeyli az karbon emissiyası yaradır.
İqlim üzrə ekspert Mayk Berners-Linin 2020-ci ildə Böyük Britaniyada aparılan araşdırmasına görə, idxal edilmiş bir buket çiçəyin iqlimə təsiri Braziliyada meşəsiz ərazidə yetişdirilib Londonda istehlak olunan təxminən 250 qramlıq biftekdən daha yüksək ola bilər.
Nə etmək olar?
Mütəxəssislər hesab edirlər ki, həll yolu çiçəklərdən tam imtina etmək deyil. Sektor istixanaların bərpaolunan enerji ilə qızdırılması və emissiyaların azaldılması istiqamətində addımlar ata bilər. Məsələn, dünyanın ən böyük kəsilmiş çiçək ixracatçılarından olan Niderlandda hökumət və bağçılıq sektoru istixana emissiyalarının azaldılması barədə razılığa gəlib.
Bundan başqa, hava nəqliyyatından tədricən uzaqlaşmaq vacib sayılır. Bəzi şirkətlər daha az emissiya yaradan dəniz daşımalarını sınaqdan keçirir. Konteynerlərdə atmosfer şəraiti nəzarətdə saxlanıldıqda kəsilmiş çiçəklərin həftələrlə saxlanması mümkün olur.
İstehlakçıların seçimi də mühüm rol oynayır. Mütəxəssislər idxalın əsas hissəsini təşkil edən qızılgül, xrizantem və qərənfil kimi növlərdən mümkün qədər uzaq durmağı tövsiyə edirlər. Yerli və mövsümi çiçəklər seçildikdə bir buketin ətraf mühitə təsiri xeyli azalır.
Zəncir mağazalar əvəzinə yerli gülçülərə üstünlük vermək, hətta mümkün olduqda çiçəyi birbaşa yetişdiricidən almaq daha ekoloji seçim hesab olunur.
Nəticə etibarilə, çiçək sənayesinin ətraf mühitə vurduğu zərər qismən ucuz və sürətli istehlak istəyimizlə bağlıdır. Ekspertlər vurğulayırlar ki, həm insanların, həm də planetin rifahı naminə seçimlərə daha məsuliyyətlə yanaşmaq vacibdir.
Aydın
Şərhlər