Hər gün, həftə, hətta illərlə eyni problemi düşünmək və özünü dərin stressə salmaq əvəzinə, cəmi bir dəqiqə yarım vaxt ayıraraq əhvalınızı dəyişə bilərsiniz. Inc.com platformasında təqdim olunan bu metodikanı "Google” şirkətinin sabiq rəhbərlərindən biri, xoşbəxtlik üzrə mütəxəssis Mo Qavdat tövsiyə edir.
Qaynarinfo xəbər veruir ki, məşhur sahibkar və yazıçı Mo Qavdat "Xoşbəxtlik formulu" adlı kitabında "90 saniyə qaydası”nı izah edir. O qeyd edir ki, insan beynində bəzən bir problem – istər kiçik, istərsə də böyük – ilişib qalır və diqqəti başqa yerə yönəltmək mümkün olmur. Bu zaman məhz həmin sadə qayda işə yarayır. Qavdat bu metodu öz həyatında, o cümlədən planlı əməliyyat zamanı oğlunun vəfatından sonra yaşadığı ağır itkinin öhdəsindən gəlmək üçün istifadə edib.
"90 saniyə qaydası” nədir?
Mo Qavdat izah edir ki, bu metod neyroelmlərə əsaslanır: "Qəzəb və stress hormonlarının bədəndən çıxması təxminən 90 saniyə çəkir. Yəni, bir buçuk dəqiqəlik emosional partlayışdan sonra insan diqqətini başqa yerə yönəldə bilər. Lakin biz, adətən, bunu etmirik. Təkrar-təkrar eyni düşüncəyə qayıdaraq stress hormonlarını yenidən stimullaşdırırıq və bu, sonsuz bir dövrəyə çevrilir”.
Bunu qırmaq üçün, Qavdat deyir ki, özünüzə 90 saniyə zaman verin və bu müddətdə problemi tam hiss edin. Zaman bitdikdə isə sadə bir sual verin: "İndi nə edəcəm?”
Bu sual sizi problemin özündən onun həllinə yönəldə bilər.
Əgər diqqəti yönləndirmək alınmırsa, Qavdat üç sadə sual verməyi tövsiyə edir:
1. Bu, həqiqətən baş veribmi?
- Çünki bəzən problem sadəcə bizim təsəvvürümüzdə böyüyür.
2. Bu problemi həll etmək mümkündürmü?
- Əgər bəli, dərhal hərəkətə keçmək lazımdır.
3. Əgər həll mümkün deyilsə, bu vəziyyəti qəbul edə bilərəmmi və yenə də yaxşı bir şeylər edə bilərəmmi?
- Qavdat bunu "qəti qəbul” adlandırır və hesab edir ki, bu yanaşma sizi xoşbəxtliyə aparan ən qısa yol ola bilər.
Gündəlik bir dəqiqəlik vərdiş
Bununla yanaşı, psixologiya doktoru və "Stresssiz məhsuldarlıq” kitabının müəllifi Elis Boyz tövsiyə edir ki, hər gün bir dəqiqə ayıraraq şəxsi tərəqqinizi yazılı şəkildə izləyin. Bu sadə vərdiş həm işdə, həm də şəxsi həyatda uğura aparan güclü vasitə ola bilər.
Aydın
Şərhlər