"Səfər çərçivəsində Aşqabadın Türk Dövlətləri Təşkilatına üzvülük məsələsi müzakirə ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Türmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfərini şərh edərkən deyib.
"Türkmənistanın dövlət kimi qapalı xarakterini və Berdiməhəmmədovun xarici səfərlərə nadir hallarda getdiyini nəzərə alsaq, hesab etmək olar ki, bu səfərin mahiyyət etibarilə yeni geosiyasi proseslər fonunda Türkmənistanın da müəyyən addımlar atmağa çalışdığını əks etdirəcək bir səfər olacaq. Səfər çərçivəsində Türkmənistanın Türk Dövlətləri Təşkilatına təşkilatına üzvlük və fəaliyyətinin artırılması kimi addımların müzakirəsi də mümkündür", deyə Azər Qasımov qeyd edib.
Həmsöhbətimiz düşünür ki, Berdiməhəmmədovun Bakı səfəri Azərbaycan və Türkmənistan dövlətləri arasında ikitərəfli münasibətlərin inkişafında da yeni mərhələ olacaq.
Ekspert qeyd edib ki, bu səfər fonunda Bakı ilə Aşqabad arasında iqtisadi əlaqələrin artırılmasına yönəlik addımların atılması da istisna deyil:
"Türkmənistan dövlətinin başçısının atası kimi onun rolu ölkənin idarə edilməsində böyükdür. Bu baxımdan hesab edirəm ki, Türkmənistanın Xalq Məsləhətinin sədri rolunda Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində Xəzərətrafı və beynəxalq məsələlərin müzakirəsinə önəm veriləcək".
Qeyd edək ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycan Respublikasına səfərə gəlib. O. Prezident İlham Əliyevlə görüşüb.
Onu da qeyd edək ki, Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə statusunda təmsil olunur.
Rüfət Sultan
Şərhlər