(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb)
Ermənistanın mina xəritələrini verməməsi səbəbindən hələ də Azərbaycan vətəndaşları hələ də həlak olur. İrəvan cəmi bir dəfə mina xəritələrini verib ki, onun da yalnız 25 faizi həqiqəti əks etdirir.
Aprelin 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib.
Bildirilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Aprelin 6-da Cəbrayılda ANAMA əməkdaşı minaya düşüb. Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü kişi xəsarət alıb. Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib. Məlumatda qeyd edilib ki, pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Bu hadisələr göstərir ki, Ermənistanın faşist mövqeyi səbəbindən mina qurbanlarının sayı təəssüf ki, artmaqda davam edəcək. Buna rəğmən, beynəlxalq qurumlar hələ də İrəvana "gözün üstə qaşın var" deməkdən yayınırlar. Hər addımbaşı insan haqlarından, insan həyatının vacibliyindən dəm vuran beynəlxalq qurumlar nədənsə hələ bir dəfə də olsun Ermənistandan mina xəritələrinin verilməsinni tələb etməyib.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov beynəlxalq qurumların bu məsələdə İrəvana təzyiq etməməsini onların Ermənsitanın havadarları olması ilə əlaqələndirdi:
"Özlərini dünya ictimaiyyəti donunda təqdim edən Avropa və Amerikada fəaliyyət göstərən irili-xırdalı çoxsaylı təşkilatlar var. Onlar qərəzli, həqiqəti əks etdirməyən, öz maraqlarına xidmət edən, onları yaradan dövlətlərin sifarişilə danışan, yazan təşkilatlardır. Özlərini beynəlxalq təşkilat adlandıran belə qurumlar uzun illərdir ki, fəaliyyət göstərir. Onlar özlərini 1988-ci ildən Ermənistanın işğalçılıq siyasətini, Azərbaycan xalqının başına açdığı müsibətləri, torpaqlarımızın 20 faiz işğal olunmuş və xaraba qoyulmuş ərazilərini, Xocalı soyqırımını, Qaradağlıda baş verən kütləvi qırğını, Başlıbel faciəsi və s. insanlığa qarşı cinayətləri görməzliyə vurublar. Azərbaycanın İslam dünyasına məxsus müqəddəs yerləri, məscid və ziyarətgahlarımızın ermənilər tərəfindən dağıdıldığını sanki görmürdülər. Bu qurumlar erməni vəhşilikləri barədə danışmamağa üstünlük verərək, həmin cinayətləri törədən dövlətə qarşı qərar qəbul etmədilər, cəza vermədilər, sanksiya tətbiq etmədilər. Bütün bunlar onu göstərir ki, Ermənistandan mina xəritələrinin verilməsini tələb etməyən həmin xarici dairələr, təşkilat və dövlətlər erməni işğalçıları, terrorçu və separatçıların himayədarları olublar. Onlara havadarlıq ediblər".
Deputat qeyd edir ki, həmin xarici qurumlar Azərbaycana qarşı münasibətdə isə qarayaxma kampaniyası aparırlar:
"Bu gün isə Azərbaycana qarşı qara qarğa dəstəsi kimi xor kapellası düzəldiblər. Guya Azərbaycan ermənilərə qarşı etnik təmizləmə törədib, guya haranısa işğal etmişik. Əslində isə Azərbaycan öz ərazilərini işğaldan azad edərək, ərazi bütövlüyünü təmin edib. Etnik təmizləməni isə 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycan xalqına qarşı edib. Bütün bu deyilənlər göstərir ki, yaramaz qurumlardan ədalət tələb etmək yersizdir. Azərbaycan bunların hamısını bilir və faktlarla, əsaslı dəlillərlə onların cavabını verir".
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər